Bu gün aşıq Ədalət Nəsibovun doğum günüdür

27.01.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 yanvar, AZƏRTAC

Bir-birindən bənzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini və hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə yenilik, müasir nəfəs gətirmiş sənətkarlardandır. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu gün Türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun anadan olmasının 87-ci ildönümü tamam olur.

Ədalət bütün aşıq havalarını ruhu ilə, canı ilə ifa edib. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm gözəlləməsi” və başqa bu kimi saz havaları ustad Ədalətin ifasında daha gözəl, fərqli, bənzərsiz alınmışdır. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılıb. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə edib.

Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında deyib: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik”.

Aşıq Ədalətin sənətini türk yazıçısı Əziz Nesin də yüksək dəyərləndirib: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.

Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidə yaradılıb. Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью