Bu gün gənclərin dövrün tələblərinə uyğun ixtisasları seçməsi mütləqdir

21.08.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hesab edirəm ki, mütləq şəkildə gələcəyin ixtisasları müasir dövrün tələblərinə uyğun seçilməlidir. İxtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxumaq yox, düzgün ixtisasa yiyələnib yalnız diplomlu, ali savadlı yox, eyni zamanda gələcəyin ixtisası üzrə peşəkar kadr olmaq lazımdır".

Bunu təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə,  müasir dövrdə əmək bazarı sürətlə dəyişir və bəzi ixtisaslara olan tələbat digərlərinə nisbətən daha yüksəkdir. Bu da həmin sahələr üzrə təhsil alan şəxslərin iş tapmaq imkanlarını artırır. Bu gün gənclərin dövrün tələblərinə uyğun ixtisasları seçməsi mütləqdir. Yalnız diplomlu, ali savadlı olmaq yox, eyni zamanda gələcəyin ixtisaslarına da yiyələnmək lazımdır. Ən rahat iş tapan ixtisas sahibləri əsasən bazarda tələbatın yüksək olduğu sahələrdə çalışanlardır. Lakin yalnız ixtisas kifayət etmir - praktik bacarıqlar, dil bilikləri və təcrübə də böyük rol oynayır. Müasir dövrdə özünü daim inkişaf etdirən və yeni biliklər qazanan şəxslər istənilən sahədə uğur qazana bilər: "Hazırda informasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqdan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir. Bu məqamda sözügedən sahə üzrə mütəxəssislərə ehtiyac duyulur. Biomühəndis, bioəczaçı, robototexnika üzrə mütəxəssis ixtisaslarına indi də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq. Tələbat olan peşələrdən kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, neyropsixoloq, virtual reallıq dizayneri, 3D çap mühəndisliyi də ön sıradadır. Bu sahələrdə mütəxəssis çatışmazlığı səbəbindən kifayət qədər çox maaş almaq mümkündür".

Elçin Əfəndi qeyd edib ki, istehsalatda daha çox robotlardan istifadə olunması işçi qüvvəsinin sıradan çıxması ilə nəticələnəcək: "Əsasən operatorluq, bəstəkarlıq və s. kimi sənətlər sıradan çıxacaq. Hazırda əmək bazarında tələbat İT, pedaqoji, hüquq, kənd təsərrüfatı, elektrik və kimya mühəndisliyi yönümlü ixtisaslaradır. Alternativ enerji ilə bağlı ixtisaslara tələbat daha da artacaq. Eləcə də yeni texnologiyalara əsaslanan peşələrə diqqətin artacağı gözlənilir. Bu gün ingilis dili artıq əlavə üstünlük yox, zəruri şərtdir. Xarici dil bilən gənc həm yerli, həm də beynəlxalq bazarda daha çox fürsət qazanır. İkinci və ya üçüncü dil bilikləri isə həmin imkanları ikiqat artırır. Amma təkcə dil yox, öz üzərində fasiləsiz işləmək də vacibdir. Texnologiyanın, iqtisadiyyatın və kommunikasiya mühitinin bu qədər sürətlə dəyişdiyi bir dövrdə gəncin ən böyük gücü onun adaptasiya qabiliyyətidir. Kim dəyişikliklərə açıqdırsa, kim daima öyrənməyə meyillidirsə, o, daha tez və uğurla öz yerini tapır".

SEVİNC

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью