Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ülvi hisslər aşılayanda ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcək. Rəqsin, baletin uşaq vaxtından vurğunu olan bu gözəl qız səhnədə yaratdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı...
AZƏRTAC xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 99-ci ildönümü tamam olur.
Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.
Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq insanlara həyatsevərlik, paklıq aşılayırdı. A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.
Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.