Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bir zamanlar Ermənistan Azərbaycanın qarşısında belə bir şərt qoyurdu: əgər Azərbaycan Qarabağla bağlı erməni tərəfinin tələblərini qəbul etsə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının taleyi ilə bağlı danışıqlar aparmaq mümkündür. İşğalçı tərəf elə düşünürdü ki, Kəlbəcər və Laçın həmişəlik onun nəzarətində qala bilər. Ancaq erməni tərəfi bir həqiqəti unudurdu: Kəlbəcər Azərbaycanın ayrılmaz parçasıdır və bu torpağın sahibi heç vaxt öz haqqından imtina etməyəcək.
Kəlbəcər sözün həqiqi mənasında Azərbaycanın həm sərvəti, həm də əzəmətidir. Bu diyar təbiətinin gözəlliyi, zəngin tarixi, mədəni irsi və yeraltı sərvətləri ilə seçilir. Tarixi abidələrinin zənginliyi Kəlbəcəri ölkəmizin ən qədim yaşayış məskənlərindən biri kimi tanıdır. Qədim Zar mağarası bölgənin insan məskəni kimi tarixinin nə qədər uzaq keçmişə gedib çıxdığını göstərir. Kəlbəcərin müxtəlif ərazilərindəki daş abidələr, qalalar, məbədlər, körpülər və digər tarixi nümunələr burada müxtəlif dövrlərdə mövcud olmuş dini inancların, mədəniyyətlərin və həyat tərzinin izlərini yaşadır.
Kəlbəcər həm də Azərbaycanın yeraltı sərvətlər xəzinəsidir. Qızıl, civə və digər faydalı qazıntı yataqları, mineral su mənbələri, zəngin meşələri, çayları, yaylaqları bu diyarın təbii potensialını müəyyənləşdirir. İstisu mineral bulaqları isə Kəlbəcərin şöhrətini ölkə hüdudlarından kənara çıxaran təbii sərvətlərdəndir. Əzəmətli dağları, uca zirvələri, sıldırım qayaları və bənzərsiz mənzərələri Kəlbəcəri Azərbaycanın ən gözəl guşələrindən birinə çevirir.
Kəlbəcərin adı çəkiləndə Ömər aşırımı da yada düşür. Qarabağ müharibələrinin yaddaşında xüsusi yeri olan bu dağ yolu hərbçilərimizin çətin sınaqlardan keçdiyi istiqamətlərdən biri kimi xatırlanır. Burada xidmət edən, döyüş yolu keçən əsgərlərimizin xatirələrində Ömər aşırımının özünəməxsus yeri var. Bu dağlar Azərbaycan əsgərinin iradəsinin, dözümünün və Vətənə bağlılığının şahididir.
1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Şuşa və Laçının işğalından sonra Kəlbəcərin də itirilməsi Azərbaycanın onsuz da ağır olan hərbi-siyasi vəziyyətini daha da mürəkkəbləşdirdi. Həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə lazımi siyasi dəstəyi əldə edə bilməmiş, dövlətçiliyimiz ciddi təhlükələrlə üzləşmişdi. Kəlbəcər də ölkənin ümumi müdafiə imkanlarının zəif olduğu bir vaxtda işğala məruz qaldı.
İşğala qədər rayonun 53 mindən çox əhalisi var idi. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. On minlərlə insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatına başladı. Kəlbəcərlilər respublikamızın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. Rayonun yaşayış evləri, məktəbləri, xəstəxanaları, mədəniyyət müəssisələri dağıdıldı, tarixi abidələri zədələndi, təbii sərvətləri talan edildi. Bir vaxtlar insanların firavan yaşadığı Kəlbəcər uzun illər viran qoyulmuş torpağa çevrildi.
İşğalçılar Kəlbəcərin onlara məxsus olduğunu düşünəcək qədər irəli getmiş, bu torpaqda məskunlaşmaq, onun təbii sərvətlərindən istifadə etmək və demoqrafik tərkibini dəyişdirmək siyasəti yürütmüşdülər. Hətta işğal dövründə rayon ərazisində yol infrastrukturu yaratmağa çalışırdılar. Lakin unudurdular ki, işğal müvəqqətidir, torpağın həqiqi sahibi isə onun tarixidir.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Sənəddə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunurdu. Ancaq bu tələb yerinə yetirilmədi. Əksinə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal altında saxlanılan ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti davam etdirildi.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası nəticə vermədi, danışıqlar prosesi uzadıldı, işğalçı tərəfin mövqelərini möhkəmləndirməsinə şərait yarandı. Azərbaycan bir daha əmin oldu ki, ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn verdiyi imkanlardan istifadə etməklə yanaşı, öz gücünə də arxalanmalıdır.
Nəhayət, 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi missiyasını yerinə yetirməyə başladı. Məqsəd yalnız işğal altındakı torpaqları azad etmək deyildi. Məqsəd doğma yurdlarından didərgin salınmış insanları evlərinə qaytarmaq, dağıdılmış şəhər və kəndlərimizi dirçəltmək, tarixi abidələrimizi qorumaq, milli ləyaqətimizi və tarixi ədaləti bərpa etmək idi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu düşmənin uzun illər ərzində qurduğu müdafiə sistemini yararaq şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi Qələbəni təmin edən əsas amillər oldu.
Bu müharibədə Azərbaycan xalqı bütövlükdə bir yumruğa çevrildi. Cəbhədə döyüşən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışan insanlar, yaşlılar, qadınlar, gənclər, uşaqlar da qələbə intizarı ilə yaşayırdılar. Hər kəsin bir arzusu var idi: üçrəngli bayrağımızın işğal altındakı torpaqlarımızda dalğalanması. Bu arzu gerçəkləşdi. Azərbaycan öz gücü, iradəsi və əzmi ilə tarixi ədaləti bərpa etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də bir güllə atılmadan Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Kəlbəcər şəhəri və rayonun yaşayış məntəqələri yenidən öz dövlətinin himayəsinə qovuşdu. Bu, yalnız hərbi-siyasi qələbə deyil, həm də doğma torpaqlarından didərgin düşmüş on minlərlə kəlbəcərlinin qəlbində illərlə yaşatdığı ümidin gerçəkləşməsi idi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü elan edildi. Bu tarix hər il Kəlbəcərin azadlığının, milli iradəmizin və dövlətimizin qüdrətinin rəmzi kimi qeyd olunur.
Bu gün Kəlbəcərdə yeni həyat qurulur.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dağıdılmış şəhərin yerində müasir memarlıq prinsipləri əsasında yeni yaşayış məhəllələri salınır, sosial infrastruktur yaradılır, yollar çəkilir, elektrik, su və digər kommunikasiya sistemləri qurulur.
2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Bu, rayonun müasir tarixində ən əlamətdar hadisələrdən biridir. Uzun illər doğma yurdunun həsrəti ilə yaşayan insanlar yenidən ata-baba evlərinə qayıtmaq, öz şəhərlərində yaşamaq, övladlarını bu torpaqda böyütmək imkanı əldə edirlər.
2026-cı ildə də bu proses davam etdirilib. Fevralın 27-də Kəlbəcər şəhərinə 27 ailə – 118 nəfər, aprelin 2-də isə daha 27 ailə – 113 nəfər köçürülüb. Beləliklə, Böyük Qayıdışın növbəti mərhələləri ilə Kəlbəcərin yaşayış həyatının bərpası sürətlənib. Bu rəqəmlərin arxasında illərlə davam edən həsrət, doğma yurda qayıtmaq arzusu və böyük bir xalqın sevinc hissi dayanır.
Kəlbəcərin gələcəyi yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Burada iqtisadiyyatın, turizmin, kənd təsərrüfatının və sənayenin inkişafı üçün də geniş imkanlar yaradılır. Rayonun zəngin su ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə kiçik su elektrik stansiyaları inşa edilir. “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Zar” və digər kiçik su elektrik stansiyalarının fəaliyyəti bölgənin enerji potensialının artırılmasına xidmət edir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir.
Nəqliyyat infrastrukturunun qurulması da xüsusi əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, tunellər və Kəlbəcər-Laçın istiqamətində həyata keçirilən yol layihələri rayonun ölkənin digər bölgələri ilə əlaqəsini daha da yaxşılaşdıracaq. Bu yollar Kəlbəcərin iqtisadi və turizm potensialının reallaşdırılması, insanların rahat və təhlükəsiz hərəkəti baxımından mühüm əhəmiyyət kəsb edir.
Kəlbəcərin ən böyük sərvətlərindən olan İstisu da yeni inkişaf mərhələsinə qədəm qoyub. Burada mineral su zavodu fəaliyyətə başlayıb, müalicə-istirahət kompleksinin tikintisi davam etdirilir. İstisu qəsəbəsinin yenidən qurulması ilə bu ərazinin əvvəlki şöhrətinin qaytarılması, müasir turizm və sağlamlıq mərkəzinə çevrilməsi üçün imkanlar yaranır. Kəlbəcər balı və arıçılıq məhsullarının tanıdılması, yerli istehsalın təşviqi də rayonun iqtisadi həyatına yeni nəfəs verir.
2025-ci ildə Kəlbəcər şəhərində üçüncü və dördüncü yaşayış komplekslərinin, təxminən 11 hektar ərazini əhatə edəcək şəhər parkının təməli qoyulub. 2026-cı ilin yanvarında isə yeni yaşayış məhəlləsinin və məktəb binasının təməli qoyulub, Yanşaq və Zallar kəndlərinin bərpası istiqamətində işlərə başlanılıb. Bütün bunlar göstərir ki, Kəlbəcərin yenidən qurulması sistemli və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Ən sevindirici məqam odur ki, bu gün Kəlbəcərdə yalnız binalar deyil, insanların gələcək həyatına inam da qurulur. Dünənə qədər doğma torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan gənclərimiz bu gün quruculuq işlərində iştirak edir, yeni yolların, məktəblərin, yaşayış məhəllələrinin inşasına öz töhfələrini verirlər. Bir vaxtlar dağıdılmış yurd yerlərində indi həyatın səsi eşidilir.
Kəlbəcər həm də gələcək nəsillərə ötürəcəyimiz tarixi və mənəvi mirasdır. Bu torpağın hər daşı, hər qayası, hər bulağı, hər yaylağı bizim üçün əzizdir. Ona görə də Kəlbəcərin bərpası yalnız iqtisadi və sosial layihə deyil, həm də milli yaddaşın, tarixi irsin və mənəvi dəyərlərin dirçəldilməsidir.
25 noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bütün kəlbəcərliləri, eləcə də bu qələbənin sevincini yaşayan hər bir soydaşımızı ürəkdən təbrik edirəm. Doğma yurdlarına qayıdan sakinlərə firavan həyat, quruculuq işlərində çalışan hər kəsə uğurlar arzulayıram. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı diləyirəm.
Kəlbəcər yenidən qurulur, dirçəlir və öz əzəmətinə qovuşur. Dağların qoynunda yeni həyat başlayır. Bu həyatın adı Qələbə, ünvanı Vətən, təminatı isə güclü və müstəqil Azərbaycandır!
Anar İsgəndərov
Milli Məclisin deputatı