“Bu gün kəlbəcərlilərdən danışmaq istəyirəm...“

25.11.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

25 noyabr Kəlbəcər Şəhəri Günüdür...

Altmış yaşım var. Bu illər ərzində çox yerlərdə, çox insanlarla ünsiyyətdə olmuşam. Unutduqlarım da olub, unutmadıqlarım da. Bu gün- noyabrın 25-i Kəlbəcər Şəhəri Günündür. Odur ki, kəlbəcərlilərdən danışmaq istəyirəm. Kəlbəcərlilər əsasən məğrur, qonaqpərvər, saz-söz sənətinə dərindən bağlı və təbiət kimi saf xarakterə malik insanlar kimi tanınırlar. Azərbaycanın ən yüksək dağlıq rayonlarından birində yetişmələri onların həyat tərzinə və xarakterinə özünəməxsus iz qoyub. Sərt dağ iqlimi və çətin relyef şəraiti onlarda güclü iradə, mətinlik və çətinliklər qarşısında əyilməmək kimi xüsusiyyətlər formalaşdırıb. Uzun illər məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, öz kimliklərini, adət-ənənələrini və doğma yurda olan sonsuz sevgilərini heç vaxt itirməyiblər...

Sözsüz ki, Kəlbəcər Azərbaycan aşıq sənətinin və poeziyasının ən güclü mərkəzlərindən biridir. Aşıq Şəmşir, Dədə Şəmşir məktəbi, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Şücaət kimi sənətkarların yetişdiyi bu mühit kəlbəcərliləri sözə həssas, bədahətən şeir deməyi bacaran və musiqini sevən insanlar kimi tanıdıb...

Sumqayıtda doğulub boya-başa çatsam da əslim dağ rayonu Yardımlıdandır. Necə deyərlər, Yardımlı əsilli atam Eldar kişinin süfrəsindən ətə-qana gəlmişəm. Bəlkə də bundan irəli gəlir ki, dağ havasından udub, saf bulaqların suyundan içən kəlbəcərlilər mənə ruhən doğmadırlar. Dağ adamlarına xas olan açıqürəklilik, düzlük və qonağa xüsusi hörmət kəlbəcərlilərin ən bariz keyfiyyətlərindəndir. Süfrələri həmişə açıq, sözləri isə birbaşa və səmimi olur...

Bəli, yaylaq-qışlaq ənənələri, bulaqları, meşələri və uca dağları ilə tanınan Kəlbəcərin insanları təbiəti sevən, zəhmətkeş və torpağa bağlı olurlar. Ciddi və məğrur görünüşlərinin arxasında isə incə bir yumor hissi və hazırcavablıq dayanır. Məclislərdə maraqlı lətifə və duzlu-məzəli söhbətlərinin çox şahidi olmuşam...

Nə isə, Kəlbəcər Şəhəri Günündə bu torpaqlarda şəhid olmuş qəhrəman Azərbaycan oğullarına, o cümlədən müasirlərim Məmməd Aslana, Zülfüqar Hüseynzadəyə rəhmət oxuyub, bütün kəlbəcərlilərə cansağlığı arzulayıram. Gününüz mübarək olsun!

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью