Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Deputatlar tətildə də işləyiblər
Milli Məclisin deputatları 14 iyuldan başlayan uzunmüddətli tətildən sonra bu gün ilk dəfə plenar iclas üçün bir araya gələcəklər. Biz də deputatların tətil müddətindəki fəaliyyətləri ilə maraqlanmışıq. Onların seçicilərlə görüşlərdə, ictimai tədbirlərdə iştirak edib-etmədiklərini, yoxsa bu müddəti əsasən şəxsi istirahətə ayırdıqlarını öyrənmək üçün sorğu keçirmişik.
Rasim Musabəyov parlamentin uzunmüddətli tətili dövründə onun seçki dairəsində xüsusi tədbirlər keçirilməsə də, mediada fəaliyyətini davam etdirdiyini bildirib. Deputatın sözlərinə görə, tətil müddətində media onu “rahat buraxmayıb” və o, müxtəlif televiziya kanallarında, eləcə də digər media platformalarında aktual məsələlərlə bağlı tez-tez çıxışlar edib.
Hikmət Babaoğlu parlamentin tətil müddətinin deputatlar üçün bir qədər şərti xarakter daşıdığını vurğulayıb. Millət vəkili hesab edir ki, tətil dövründən asılı olmayaraq hər bir deputat seçicilərin problemləri ilə bağlı müraciətlərə cavab verməli və zərurət yarandıqda müxtəlif tədbirlərdə iştirak etməlidir: “Necə ola bilər ki, seçici hansısa problemlə deputata müraciət etsin, deputat isə desin ki, “Xeyr, mən tətildəyəm!” Mən bunu mənəvi baxımdan doğru hesab etmirəm”, – deyə Hikmət Babaoğlu vurğuladı. Deputat onu da dedi ki, ay yarımlıq tətil müddətində qəbul qrafikini pozmadan seçicilərlə görüşlərini davam etdirib və çoxsaylı tədbirlərdə iştirak edib. O, tətil dövründəki fəaliyyətləri ilə bağlı paylaşımların şəxsi “Facebook” səhifəsində yer aldığını bildirib.
Parlamentin rəsmi tətil müddətində də deputat kimi fəaliyyətini davam etdirdiyini deyən Azər Allahverənovun sözlərinə görə, bu dövrdə vətəndaş qəbullarını keçirib, çoxsaylı yerli və beynəlxalq tədbirlərdə iştirak edib. Deputat, həmçinin tətil müddətində media ilə sıx əməkdaşlıq etdiyini, televiziya kanallarında çıxışlarının və mediada təmsilçiliyinin davam etdiyini qeyd edib. Azər Allahverənov vurğulayıb ki, faktiki olaraq onun gündəlik fəaliyyət rejimində ciddi dəyişiklik olmayıb.
Elçin Mirzəbəyli bildirib ki, tətil müddətində yalnız bir neçə gün istirahət edib, qalan vaxtlarda isə gündəlik fəaliyyətini davam etdirib. Onun sözlərinə görə, bu müddət ərzində Ağsu rayonunda bir sıra görüşlər keçirilib və tədbirlərdə iştirak edib. Elçin Mirzəbəyli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqal və ağbirçəklərlə birlikdə şəhid ailələrini ziyarət etdiklərini bildirib. Deputat, həmçinin vətəndaşlarla Ağsu rayonunun özündə, Aratlı, Çuruğlu və digər kəndlərində görüşlər keçirdiyini qeyd edib.
Aydın Mirzəzadə də qeyd edib ki, parlamentin tətili onun üçün yalnız şərti xarakter daşıyıb. Deputat tətil müddətində ölkə daxilində olub, Bakı, Mingəçevir və digər rayonlarda keçirilən müxtəlif tədbirlərdə iştirak edib. Aydın Mirzəzadənin sözlərinə görə, tətil dövründə Mingəçevirdə ayda iki dəfə vətəndaş qəbulu keçirib. O, həmçinin bu müddət ərzində mətbuatla sıx əməkdaşlıq etdiyini bildirib. Deputat qeyd edib ki, Milli Məclisin plenar iclasında da bir neçə məsələ ilə bağlı çıxış etməyi planlaşdırır.
Vüqar Bayramov də parlamentin tətil müddətində də seçicilərlə görüşlərin davam etdiyini bildirən deputatların sırasına qoşulub. Onun sözlərinə görə, iyulun 15-dən avqustun 15-dək olan tətil dövründə seçicilərlə üç görüş keçirilib. Deputat qeyd edib ki, keçirilən görüşlərlə bağlı məlumatlar həm mediada, həm də sosial şəbəkələrdə paylaşılıb. O, həmçinin tətil müddətində müxtəlif ictimai tədbirlərdə iştirak etdiyini və medianın suallarını cavablandırdığını bildirib. Vüqar Bayramov vurğulayıb ki, həmin dövrdə gündəmdə olan iqtisadi, sosial və siyasi məsələlərlə bağlı münasibətini də ifadə edib.
Fazil Mustafa bildirib ki, tətil müddətindən asılı olmayaraq seçicilərlə görüşlərini davam etdirib. Onun sözlərinə görə, avqust ayında Milli Məclisin komitələri tərəfindən keçirilən aylıq qəbul tətil dövrünə təsadüf etdiyi üçün baş tutmasa da, Bakıxanov qəsəbəsində hər həftənin bazar ertəsi günü seçicilərlə görüşüb və onların problemləri ilə maraqlanıb. Deputat onu da dedi ki, tətil müddətində şəxsi istirahətinə və ailəsi ilə vaxt keçirməyə də imkan ayırıb. Əsasən Bakıda olduğunu bildirən Fazil Mustafa bir neçə dəfə ailəsi ilə birlikdə rayonlara səfərlər etdiyini deyib.
Deputat vurğulayıb ki, ümumilikdə tətil müddətində xüsusi istirahət rejimində olmayıb və əsasən iş fəaliyyəti ilə məşğul olub. O, xüsusilə kitab üzərində apardığı işə daha çox diqqət ayırdığını və bu fəaliyyətini yekunlaşdırdığını bildirib.
Məlahət İbrahimqızı bildirib ki, parlamentin tətil müddətində seçicilərlə kifayət qədər görüş keçirib. Deputat qeyd edib ki, Nəsimi rayonunda yaşadığı üçün tətil dövründə əsasən evdə olub və seçicilərlə görüşlərini davam etdirib. Məlahət İbrahimqızı, həmçinin tətil müddətində çoxsaylı tədbirlərdə iştirak etdiyini bildirib.
Ceyhun Məmmədov bildirib ki, parlamentin yay tətilinə çıxması deputatların fəaliyyətinin dayanması demək deyil: “Adətən belə bir fikir var ki, parlament yay tətilinə çıxırsa, artıq hər şey dayanır. Əslində isə biz fəaliyyətimizi əvvəlki qaydada davam etdirmişik. Parlamentin iclasları keçirilməsə də, seçicilərimizlə mütəmadi görüşlər təşkil etmişik, gənclərlə görüşlərimiz olub, müxtəlif tədbirlərdə iştirak etmişik.
Bir neçə gün istirahət imkanımız olsa da, digər vaxtlarda fəaliyyətimizi davam etdirmişik. Seçicilərlə təmas, məktub və ərizələrin qəbulu, səfərlər, görüşlər və digər işlər əvvəlki qaydada davam edib”.
Xatırladaq ki, Milli Məclisin parlamentin tətilindən sonra ilk plenar iclası bu gün keçiriləcək. İclasın gündəliyində 27 Sentyabr – Anım Günü ilə bağlı Bəyanat, 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı, həmçinin “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklə bağlı məsələ yer alıb. Bundan başqa Vergi Məcəlləsi, Dövlət satınalmaları haqqında qanun, Cinayət və Cinayət-Prosessual məcəllələrinə, eləcə də dövlət qulluğu ilə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.
Tacir SADIQOV
XQ