Icma.az, Qol.az portalına istinadən məlumat verir.
2026-cı ilin ən böyük və dəbdəbəli toylarından biri olacağı gözlənilən mərasimdə Kriştiano Ronaldo və Corcina Rodriges bu gün rəsmi nikaha girəcəklər.
QOL.az xəbər verir ki, cütlük 2016-cı ildə Corcinanın satıcı işlədiyi “Gucci” mağazasında tanış olduqdan sonra münasibətlərini rəsmiləşdirib. 32 yaşlı Corcina ilə 41 yaşlı futbolçu o vaxtdan birlikdədirlər.
Ronaldo ötən yay sevgilisinə evlilik təklifi edib. Corcina isə dəyəri 3 milyon funt sterlinq olan nəhəng nişan üzüyünü “Instagram”da nümayiş etdirib.
İspaniyalı model onların ilk görüşünü “ilk baxışdan sevgi” kimi təsvir edib və bu hissin qarşılıqlı olduğunu bildirib. Portuqaliyalı futbolçu da daha əvvəl Corcina ilə evlənəcəyinə “1000 faiz əmin” olduğunu söyləmişdi. Görünür, həmin an nəhayət yetişib.
“The Sun” nəşrinin yazdığına görə, cütlüyün bu gün Madeyrada, futbolçunun doğulub boya-başa çatdığı adada evlənəcəyi bildirilir.
Yerli mətbuatın məlumatına görə, adanın paytaxtı Funşalda yerləşən kafedral bu şənbə böyük toy mərasimi üçün bron edilib. Corcina təxminən 800 nəfərlik tutumu olan Funşal Kafedralında nikah mərasiminə qatılacaq.
Bundan sonra cütlük toy ziyafətinin keçiriləcəyi məkana yollanacaq. Ora kafedraldan avtomobillə təxminən 5, piyada isə 15 dəqiqəlik məsafədə yerləşir.
Cütlük toy ziyafəti üçün isə beşulduzlu “Savoy Palace” otelini tamamilə rezerv edib.