Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XX yüzillik Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olan Xalq rəssamı Vidadi Nərimanbəyov ölkənin təsviri incəsənətinin zənginləşməsinə böyük töhfələr verib.
XQ xəbər verir ki, bu gün tanınmış fırça ustasının anadan olmasının 100 illiyi tamam olur.
Könüllü olaraq İkinci Dünya müharibəsində iştirak edən sənətkarın yaradıcılığında müharibə mövzusu mühüm yer tutub. Vidadi Nərimanbəyovun bu mövzuya həsr olunmuş əsərləri SSRİ mədəniyyət günləri çərçivəsində də təqdim edilib. Müəllif hələ tələbəlik illərində çəkdiyi "Düşmənin sevinci..." tablosu ilə tanınmağa başlayıb, 1963-cü ildə ərsəyə gətirdiyi "Yolda" adlı monumental, irihəcmli əsəri isə ona daha böyük şöhrət qazandırıb.
Rəssamın yaradıcılıq mərkəzində insan faktoru dayanır və tablolarda onların müxtəlif daxili ovqatları, hissləri əks olunub. Vidadi Nərimanbəyovun fərdi sərgiləri təkcə keçmiş SSRİ miqyasında deyil, həmçinin Macarıstan, Çexiya, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya da daxil olmaqla, dünyanın 20 xarici ölkəsində təşkil edilib və geniş sənətsevər kütləsinin rəğbətini qazanıb.
Görkəmli fırça ustasının 20 Yanvar faciəsinə həsr etdiyi “Qatillər” tablosu müxtəlif beynəlxalq sərgi salonlarında nümayiş etdirilərək sovet rejiminin qəddarlığını üzə çıxarıb.
Azərbaycan və Fransa mədəniyyətlərinin xüsusiyyətlərini yaradıcılığında birləşdirən sənətkar 1961-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. O, 1982-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına, 2001-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Vidadi Nərimanbəyov 2001-ci il dekabrın 13-də Bakı şəhərində vəfat edib.