Bu günü 30 ildən çox gözləmişdik

17.09.2026

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

2023-cü ilin 19-20 sentyabr tarixlərində 10 noyabr 2020-ci ildə imzalanan  üçtərəfli bəyanatın  müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam edən  döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın  şərtlərini  qəbul etməyə hazır oldular. Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlandı. İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək bildirirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.

Növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.  2023-cü ilin  20 sentyabr tarixində xalqa müraciətində  Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü elan edilməsi də bu addımların tərkib hissəsidir. Bu rayonlarda qısa zamanda görülən bərpa-quruculuq işlərinin böyüklüyü soydaşlarımızın mərhələ-mərhələ qayıdışında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin bu torpaqlara səfəri davamlılığı ilə diqqətdədir. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasına yönələn mühüm addımlarla zəngindir. Hazırda azad Qarabağ və azad Şərqi Zəngəzur iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Suverenliyimizin tam bərpasından ötən üç ildə təkcə Xankəndi şəhərində keçirilən tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin ötən dövr ərzində Xankəndiyə 16 səfəri olub. 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb. Bərpa-quruculuq işlərinin miqyası Xocalı, Xocavənd, Ağdərə rayonlarında da genişdir. Bu ərazilərə soydaşlarımızın qayıdışı mərhələ-mərhələ davam edir.

Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən  dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Onu da qeyd edək ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırıldı.

Zamir Güvəndiyev

YAP Şəmkir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью