Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə “Bu günün rəssamı” layihəsi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Nizami Kino Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənc rəssamların sərgisi açılıb.
Tədbirdə çıxış edən “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, Gənclər Günü 1997-ci ildən etibarən ölkəmizdə gənclər siyasətinə verilən yüksək dəyərin təzahürü olaraq təntənəli şəkildə qeyd edilir. O, Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla ölkəmizdə gənclər üçün xüsusi bir gün təsis olunduğunu vurğulayıb. Əməkdar artist həmçinin gənc rəssamları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxışında bu layihənin gənc rəssamların yaradıcılıqlarını nümayiş etdirməsi və istedadlarını daha geniş auditoriyaya çatdırması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. O qeyd edib ki, belə təşəbbüslər gənclərin sənət yolunda inkişafına stimul verir.
"Nargiz Art Studio”nun rəhbəri, istedadlı rəssam Nərgiz Quliyeva bildirib ki, sərgi gənc rəssamlara öz işlərini təqdim etmək imkanı yaradıb. O diqqətə çatdırıb ki, bu cür sərgilər gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq.
Sərgidə Nərgiz Quliyeva, Röya Həsən, Daniela Arxangelskaya, Leyla Qurbanova, Nailə Məhərrəmova, Leyla Ağazadə, Nazilə Fərzullayeva, Nailə Aslanova, Nərmin Nəsib, Mehriban Şəmsəddinskaya, Ülviyyə Xeyrullazadə, Məryəm Qiblayeva, Kama Musa, Leyla Babayeva və Aliya Əsədullayevanın əsərləri nümayiş etdirilib.
Tədbirin sonunda “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi adından iştirakçılara sertifikatlar təqdim olunub.