Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müxalifət onların bütün mandatlarını öz tərəfinə cəlb edə bilsə, parlamentdə 67 yerə sahib olmaq imkanı yaranır…”
İsraildə keçirilən parlament seçkiləri Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb. Müxalifət ərəb partiyalarının dəstəyini qazana bilsə, uzun illərdir ölkə siyasətində dominant mövqedə olan Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq mümkün ola bilər. Lakin bu ssenarinin reallaşması siyasi fikir ayrılıqlarının aradan qaldırılmasından asılıdır.
Moderator.az xəbər verir ki, oktyabrın 27-də keçirilən seçkilərin səslərinin 99 faizdən çoxu hesablandıqdan sonra məlum olub ki, nə Netanyahunun rəhbərlik etdiyi sağçı-dini blok, nə də müxalifət hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatı əldə edə bilib.
Əldə olunan ilkin nəticələrə əsasən, Netanyahunun bloku 53, keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Ərəb partiyalarının parlamentdəki ümumi təmsilçiliyi isə 19 mandat təşkil edib.
Beləliklə, ərəb partiyalarının dəstəyi hökumətin formalaşdırılması prosesində həlledici amilə çevrilə bilər. Müxalifət onların bütün mandatlarını öz tərəfinə cəlb edə bilsə, parlamentdə 67 yerə sahib olmaq imkanı yaranır. Lakin bu, hələ real siyasi razılaşmanın əldə edildiyi demək deyil.
Ərəb partiyaları Netanyahuya qarşı birləşə bilərmi?..
“Reuters”-in məlumatına görə, İsrailin ərəb azlığını təmsil edən siyasi qüvvələri Netanyahunun hakimiyyətdən uzaqlaşdırılmasında mühüm rol oynamaq niyyətindədirlər. Ərəb partiyalarının liderlərindən olan Mənsur Abbasın rəhbərlik etdiyi “Raam” partiyası müxalifətlə əməkdaşlığa açıq mövqe nümayiş etdirir.
Ərəb partiyalarının dəstəyini əldə etmək istəyən müxalifət nümayəndələrindən Yair Qolan bu istiqamətdə təşəbbüslə çıxış edib. O, Mənsur Abbasla görüşərək yeni hökumətin formalaşdırılması imkanlarını müzakirə edib.
Bununla belə, müxalifət daxilində vahid mövqe yoxdur. Qadi Eyzenkot, Naftali Bennett və Aviqdor Liberman ərəb partiyalarının hökumət koalisiyasına daxil edilməsinə ehtiyatlı yanaşırlar. Qolan isə belə əməkdaşlığı dəstəkləyən əsas müxalifət nümayəndəsidir.
Netanyahu hakimiyyətdə qala bilərmi?..
Netanyahunun siyasi mübarizədən kənarda qaldığını söyləmək hələ tezdir. Onun rəhbərlik etdiyi “Likud” partiyası seçkilərdə ən böyük fərdi partiya kimi çıxış edib. Bu isə Netanyahuya hökuməti formalaşdırmaq üçün ilk şansın verilməsi ehtimalını artırır.
İsrail Prezidenti İsxak Hersoq siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələrdən sonra hökuməti formalaşdırmaq üçün ən real imkanlara malik namizədi müəyyənləşdirməlidir. Bu proses nəticə verməsə, digər namizədlərə də şans verilə, son nəticədə isə növbədənkənar seçkilərə gedilə bilər…
Əsas düyün ərəb partiyalarının mövqeyidir…
“Associated Press”-in təhlilinə görə, müxalifətin Netanyahuya qarşı parlament çoxluğu yaratmaq imkanları olsa da, ərəb partiyaları ilə açıq koalisiya razılaşması yəhudi seçicilər arasında narazılıq yarada və müxalifət daxilində parçalanmaya səbəb ola bilər. Digər tərəfdən, ərəb partiyaları hökumətə birbaşa daxil olmadan da parlamentdəki səsləri ilə müxalifət hökumətinə dəstək verə bilərlər. Bu, tərəflər arasında mümkün kompromis variantlarından biridir.
Beləliklə, hazırkı seçki nəticələrinə əsasən, Netanyahu qalib elan edilə bilməz. O, hələ də hakimiyyətdə qalmaq imkanına malikdir, lakin müxalifətin ərəb partiyaları ilə razılaşması İsraildə uzunmüddətli siyasi hakimiyyət dəyişikliyinə yol aça bilər. Başqa sözlə, bu halda Netanyahunun iqtidardan tamamilə uzaqlaşdırılması mümkündür. Növbəti həftələrdə aparılacaq koalisiya danışıqları ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək.
S.Laçın