Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İş yerində korrupsiya barədə məlumat verdiyinə görə işçidən qisas almaq məqsədilə onun işdən çıxarılması və ya maaşından qanunsuz tutulmalar edilməsi qadağan olunacaq.
Modern.az xəbər verir ki, məsələ bu gün keçirilən plenar iclasında müzakirə edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihəyə görə, belə məlumat verdiyinə görə işçiyə qisas məqsədilə tənbeh tətbiq etmək, onu vəzifədən azad etmək və başqa işə keçirmək mümkün olmayacaq.
İşçinin vəzifədə irəli çəkilməsinə və ya mükafatlandırılmasına mane olmaq, onu mənfi xarakterizə etmək və digər oxşar tədbirlər də qadağan ediləcək.
Bu təminatlar məlumat verən şəxslə eyni təşkilatda işləyən yaxın qohumlarına və digər qohumlarına da şamil olunacaq.
İşçi ona qarşı qisas məqsədli tədbirlər görüldüyünə dair dəlillər irəli sürdükdə həmin dəlilləri təkzib etmək təşkilat rəhbərinin üzərinə düşəcək. Təzyiqə məruz qalan şəxslər səlahiyyətli bölməyə və məhkəməyə müraciət edə biləcəklər.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.