Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gecə saatlarında havanın temperaturunun yüksək olması orta və yaşlı yaş qrupuna aid insanlarda yaddaşın müəyyən növünün zəifləməsi ilə əlaqəli ola bilər. Araşdırmaya görə, xüsusilə assosiativ yaddaş isti gecələrdən mənfi təsirlənə bilər.
Redaktor.az xəbər verir ki, bu nəticəyə Avstraliyanın Nyukasl Universiteti və QIMR Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri gəliblər. Tədqiqatın nəticələri “Environment International” jurnalında dərc olunub.
Araşdırmada 42-75 yaş aralığında 1873 nəfər iştirak edib. İştirakçılar yaddaş, diqqət, nitq və məntiqi təfəkkürü qiymətləndirən 12 koqnitiv testdən keçiblər. Daha sonra alimlər test nəticələrini iştirakçıların yaşadığı ərazilərdəki hava şəraiti ilə müqayisə ediblər.
Məlum olub ki, gecə temperaturunun yüksək olması assosiativ yaddaş testlərində daha zəif nəticələrlə əlaqəlidir. Bu yaddaş növü əşyalar və hadisələr arasındakı əlaqələri xatırlamağa kömək edir. Məsələn, insanın açarlarını harada qoyduğunu xatırlaması və ya tanış şəxsin üzünü adı ilə əlaqələndirməsi buna nümunədir.
Bununla yanaşı, temperaturun yoxlanılan digər koqnitiv funksiyalarla əhəmiyyətli əlaqəsi müəyyən edilməyib.
Alimlər bu təsirin mümkün səbəblərindən biri kimi isti havada yuxu keyfiyyətinin pisləşməsini göstərirlər. Yuxu gün ərzində əldə edilən məlumatların yaddaşda möhkəmlənməsi üçün vacib olduğundan, onun pozulması xatirələrin formalaşmasına və saxlanmasına mane ola bilər.
Tədqiqatçılar gecə istisinin yaddaşa təsirinin qısamüddətli olub-olmadığını, yoxsa yüksək temperaturun müntəzəm təsirinin uzunmüddətli koqnitiv zəifləmə və demensiya riski ilə əlaqəli ola biləcəyini araşdırmağı planlaşdırırlar.
NURİYYƏ