Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, danışıqların ümumi mənzərəsi hələ də Ukrayna üçün mürəkkəb qalsa da, bu raund Rusiya prezidenti Vladimir Putinin sülhə real şəkildə hazır olub-olmadığına dair əsas suala cavab verə bilər.
Nəşrin Ukrayna və ABŞ-dan olan, danışıqların gedişi ilə tanış mənbələrə istinadən bildirdiyinə görə, hazırkı müzakirələr əvvəlkilərlə müqayisədə daha ümidverici görünür. ABŞ-dan olan xarici siyasət eksperti qeyd edib ki, əvvəllər bu danışıqlar son dərəcə çətin və formal xarakter daşıyırdı, lakin indi Rusiya tərəfinin prosesi daha ciddi qəbul etdiyi hiss olunur. Ekspert ehtiyatla bildirir ki, münaqişənin yaz aylarında başa çatması üçün müəyyən şanslar var.
Keçmiş yüksək vəzifəli ukraynalı rəsmi isə daha təmkinli mövqe sərgiləsə də, Rusiya nümayəndə heyətinin davranışında və tonunda dəyişiklik olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Rusiya tərəfini təmsil edən Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov və hərbi kəşfiyyat zabiti Aleksandr Zorin ideoloji çıxışlardan uzaq, daha çox praktik məsələlərə fokuslanan şəxslərdir. Rəsmi bildirib ki, bu yanaşma əvvəlki danışıqlardan ciddi şəkildə fərqlənir.
Mənbənin fikrincə, Rusiyanın mövqeyindəki bu dəyişiklik Kreml tərəfindən Avropanın müdafiə məsələlərinə daha ciddi yanaşması, silah istehsalını artırması və ABŞ-dan asılılığı azaltmaq cəhdləri ilə bağlı ola bilər. Müharibənin bitməsi Avropada müdafiə xərclərinin artırılması üçün formalaşan siyasi impulsu zəiflədə bilər.
Bununla yanaşı, bəzi ekspertlər Rusiyanın daha yumşaq ritorikasını ABŞ prezidenti Donald Trampın diqqətini yayındırmaq cəhdi kimi də qiymətləndirir. Təqaüddə olan avstraliyalı general Mik Rayanın sözlərinə görə, Putin müharibənin yaratdığı böyük itkilər fonunda ölkə daxilində açıq “qələbə” kimi təqdim edilə biləcək nəticə göstərə bilmir və bu, sülh razılaşmasını daxili auditoriya üçün problemli edir.
Qeyd edək ki, 4–5 fevral tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək. Məlumata görə, görüşlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak edəcək.
Yanvarın 23–24-də BƏƏ-də keçirilmiş əvvəlki danışıqlardan sonra Qərb mediası Donbasın gələcəyi ilə bağlı məsələnin hələ də açıq qaldığını yazmışdı.
Qadir, Bizimyol.info