Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şamaxı rayonunda Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərəcək.
Təhkim olunan həkimlər kadr çatışmazlığı müşahidə olunan travmatoloq, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostika üzrə həkim, ailə həkimi, terapevt və mama-ginekoloq ixtisaslarını əhatə edəcək.
Pilot layihə çərçivəsində ezam olunan həkimlərin sosial rifahının və yaşayış yerinin təmin olunması nəzərdə tutulur.
Mənzil təminatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcək.
Tədbirdən öncə nümayəndə heyəti Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb.
Görüş zamanı Şamaxı rayonunda səhiyyə sahəsində görülən işlər, perspektivlər və mövcud çətinliklər müzakirə olunub.