Bu hərbçilər cərimələnəcək Hüquqşünasdan AÇIQLAMA

20.10.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur.

Təklifə əsasən, hərbi hissəni özbaşına tərk edən və ya üzrlü səbəb olmadan xidmətə vaxtında qayıtmayan hərbi qulluqçular bu əməli bir gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə törətdikdə inzibati məsuliyyətə cəlb edilə biləcəklər.

Dəyişikliklər çərçivəsində cərimələrin tətbiqi və hərbi xidmət əleyhinə olan inzibati xətalara nəzarətin gücləndirilməsi də nəzərdə tutulur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, hərbi hissəni özbaşına tərk etmə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, cəzanın sərtləşdirilməsi belə halların qarşısını almaq məqsədi daşıya bilər, lakin bunun effektivliyinə şübhə ilə yanaşır:

"Ümumiyyətlə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir. Bu maddə üzrə maksimum 7-8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada beş hal var, daha yüngülündən başlayaraq ağırına doğru gedir. Maksimum 8 il cəza isə müharibə vaxtı, döyüş şəraitində tətbiq olunur. Adi vaxtda cəzalar nisbətən azdır. İndi bunun səbəbini dəqiq bilmirəm, yəqin ki, belə halların qarşısını almaq üçün bu addım atılır. Bu, dövlətin təhlükəsizliyi məsələsidir. Hər hansı cinayət üzrə cəza sərtləşdirilirsə, bu, həmin əməlin yüngül hesab edilmədiyini göstərir”.

 

Hüquqşünasın fikrincə, cəzaların sərtləşdirilməsi hərbi qulluqçular arasında bu cür halların sayının azalmasına mütləq şəkildə gətirib çıxarmayacaq:

"Lakin mən şəxsən hesab etmirəm ki, cəzanın sərtləşdirilməsi bu cinayəti törədənlərin sayının azalmasına səbəb olacaq. Bir var ki, başqa cinayətdən söhbət gedir, məsələn, oğurluqdan. İnsan düşünə bilər ki, buna görə 10 il, 15 il və ya hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ala bilər. Amma burada söhbət hərbi qulluqçulardan gedir. Birincisi, görəsən, bu cür cinayət halları nə qədər çoxdur? Belə hallara çox nadir rast gəlinir. Çünki hərbçi elə bir şəraitdə xidmət edir ki, onun üzərində nəzarət var. Onun ailəsi, yaxınları var və o da törətdiyi əməlin nə qədər ağır olduğunu başa düşür”.

Ə. Həsənov qeyd edib ki, hərbi qulluqçunun belə bir addım atmasına yalnız cəza amili ilə yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, bu qərara təsir edən daha dərin səbəblər ola bilər:

"Mən inanmıram ki, hərbçi bu cinayəti törətmək istəyirsə, Cinayət Məcəlləsində nəzərdə tutulan cəzanın 7-8 il deyil, 10 il olması onu bu əməldən çəkindirəcək. Yəqin ki, insan belə bir addım atarkən cəzanın neçə il olacağını düşünmür. Çünki onu bu əməldən çəkindirən başqa amillər var: ailəsi, namusu, qeyrəti, vətən, torpaq və ordu qarşısında məsuliyyəti. Burada daha böyük amillər var. Əgər hərbçi bu addımı atırsa, deməli, artıq müəyyən həddə çatıb. Bəlkə də problem onun özündə deyil, düşdüyü şəraitdədir. Söhbət konkret insanlardan gedir. Bəzi hallarda insan bu addımı ata bilər, amma belə cinayətlərin sayı çox deyil”.

Fəridə Əsədzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью