Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Xarici idmançıların milliləşdirilərək Azərbaycan yığmalarına cəlb olunması milli komandaların formalaşdırılmasında diqqət çəkən məsələlərdəndir. Legionerlərin təcrübəsindən yararlanmaq və beynəlxalq yarışlarda uğur qazanmaq məqsədi ilə yanaşı, bu yanaşmanın yerli idmançıların inkişafına və milliyə düşmək imkanlarına təsiri də suallar doğurur.
Bəs bu il müxtəlif idman növləri üzrə neçə əcnəbi idmançı milliləşdirilib və milli komandaların heyətinə cəlb olunub?
Moderator.az xəbər verir ki, Trend məsələ ilə bağlı idman federasiyalarına sorğu ünvanlayıb.
Azərbaycan Cüdo Federasiyasından sorğuya cavab olaraq bildirilib ki, bu il cüdo üzrə bir əcnəbi idmançı milliləşdirilib. Bu, qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Hanna Zaytsevadır.
Əslən ukraynalı olan cüdoçu karyerasına Ukrayna yığmasında başlayıb. O, Azərbaycanı təmsil etməzdən əvvəl Polşa millisində çıxış edib.
Azərbaycan Güləş Federasiyasından isə bildirilib ki, bu il milliləşdirilən idmançı olmayıb.
“Hazırda milli komandada çıxış edən legionerlərin hər biri əvvəlki illərdə heyətə cəlb edilib”, – federasiyadan qeyd olunub.
Azərbaycan Boks Federasiyası da sorğuya cavab olaraq bu il milliləşdirilən boksçunun olmadığını açıqlayıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) isə cavabında U-21 yığmasında çıxış edən Lorenzo Mezzoterro və Mustafa Kader Kamara barədə məlumat verib.
Bildirilib ki, Mustafa Kader Kamara Bakıda doğulub. Onun atası Abdulkader Kamara həmin dövrdə “Qəbələ” klubunda çıxış edib. Lorenzo Mezzoterro isə həm italyan, həm də Azərbaycan əsillidir.