Bu il Azərbaycan Turizm Bürosu hotellərdə əsas xidmətlərin rəqəmsallaşdırılmasına başlayacaq

27.01.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan qonaqpərvərlik sektoru rəqəmsal bağlantının keyfiyyətinin yüksəldilməsi və qonaq təcrübəsinin yaxşılaşdırılması istiqamətində səylərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin Elektron kommunikasiya şöbəsinin müdiri Murad Quliyev Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitinin “Milli Bağlantı Mükəmməlliyinin Təmin Edilməsi” sessiyasında çıxışı zamanı bildirilib.

Şöbə müdiri vurğulayıb ki, yüksək keyfiyyətli bağlantı artıq lüks xidmət deyil, əsas xidmətə çevrilib və onun təmin olunması operatorlar və şirkətlər üçün prioritet məsələlərdən biridir.

Azərbaycan Turizm Bürosunun (ATB) baş direktor müavini Rəşad Əliyev qeyd edib ki, ölkədə turizm müəssisələrinin rəqəmsal imkanlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi ölkə üzrə yüksək sürətli genişzolaqlı internetin təmin olunmasında əsas sıçrayış yaradıb, beynəlxalq tədbirlərin təşkili zamanı qonaq müəssisələrinin rəqəmsal infrastrukturu dəyərləndirilib. Bu il ATB hotellərin rəqəmsal reyestrini quraraq əsas xidmətlərin rəqəmsallaşdırılmasına başlayacaq.

Azərbaycan Otel Assosiasiyasının (AHA) sədri Eldar Alımuradov isə bildirib ki, etibarlı, sabit və təsdiqlənmiş bağlantı artıq qonaqlar üçün lüks məhsul deyil, əvəzolunmaz aktivə çevrilib. O vurğulayıb ki, assosiasiya bütün paydaşlarla, investorlarla və sahə iştirakçıları ilə birbaşa görüşlər keçirərək bu mövzuda maarifləndirməni gücləndirir və hotellərin şəbəkələrini yüksəltmək üçün təşviq edir.

Panel iştirakçıları qeyd ediblər ki, bu səylər qonaqpərvərlik sektorunda rəqəmsal transformasiyanın davamlılığını təmin edir, qonaqların məmnuniyyətini artırır və Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını daha da gücləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью