Bu il Bakıda keçiriləcək beynəlxalq sərgilərin tarixləri açıqlanıb

22.01.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin sərgi mövsümü may ayında paralel keçiriləcək bir neçə irimiqyaslı beynəlxalq tədbirlə başlayacaq.

525.az xəbər verir ki, bu barədə sərgilərin təşkilatçısı olan "Iteca Caspian" və "Caspian Event Organisers" şirkətlərinin birgə açıqlamasında bildirilib.

Məlumata görə, 5–8 mayda Bakı Ekspo Mərkəzində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri – "Caspian Agro Week" – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, "InterFood Azerbaijan" – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, "Horeca Caspian" – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi təşkil ediləcək. Bu il "Caspian Agro" sərgisi yeni brend - "Caspian Agro Week" adı ilə təşkil ediləcək. Təşkilatçıların fikrincə, bu, sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaq. Bu sərgilər kənd təsərrüfatı, qida istehsalı, emalı və HORECA sektoru üzrə ən son texnologiya və həllərin təqdim edildiyi vahid platforma olacaq.

1–3 iyun tarixlərində isə ilin ən mühüm və ən genişmiqyaslı tədbirlərindən biri olan "Baku Energy Week" ("Bakı Enerji Həftəsi") keçiriləcək. Həftə çərçivəsində enerji sektorunun əsas istiqamətlərini əhatə edən beynəlxalq sərgilər və forum təşkil olunacaq. Tədbir enerji təhlükəsizliyi, enerji keçidi, bərpa olunan enerji mənbələri, neft-qaz sənayesində innovasiyalar və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün mühüm platforma rolunu oynayır. "Baku Energy Week" çərçivəsində aşağıdakı tədbirlər baş tutacaq:

"Caspian Oil & Gas" – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (1–3 iyun)
"Caspian Power" – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (1–3 iyun)
"Baku Energy Forum" – 31-ci Bakı Enerji Forumu (1–2 iyun)
"Bakı Enerji Həftəsi" ilə eyni tarixlərdə - 1-3 iyunda, "TransLogistica Caspian" – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.

3 iyun tarixində isə bu sərgi çərçivəsində "TransLogistica Forum" təşkil olunacaq. Forum beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə edildiyi peşəkar platforma rolunu oynayacaq.

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. "ADEX" Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Təşkil edildiyi illər ərzində "ADEX" sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutmuşdur. Sərgi çərçivəsində müdafiə texnologiyaları, hərbi sənaye, təhlükəsizlik sistemləri və digər məhsullar nümayiş etdiriləcək.

"ADEX"lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" da baş tutacaq. 14–16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan "Caspian Construction Week" təşkil olunacaq. Tədbir çərçivəsində aşağıdakı sərgilər bir məkanda keçiriləcək:

"BakuBuild" – 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
"Aquatherm Baku" – 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı və Santexnika Sərgisi
"Rebuild Karabakh" – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi
"Plastex Caspian" – 5-ci Yubiley Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi
"Road & Traffic" – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
Payız mövsümü 29–31 oktyabr tarixlərində keçiriləcək "Medinex" – 28-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ilə yekunlaşacaq.

Beynəlxalq sərgilər Azərbaycanda biznes turizminin inkişafında mühüm rol oynayır, eləcə də ölkəyə innovativ texnologiyalar və investisiyalar cəlb edərək, yeni imkanlar üçün mühüm platforma rolunu oynayır. Çoxsaylı işgüzar qonaqların ölkəyə gəlməsi bütün xidmət sahələrinin - otellərin, restoranların, nəqliyyat şirkətlərinin və digər xidmət müəssisələrinin ən yüksək səviyyədə koordinasiyalı fəaliyyətini tələb edir. Bununla da sərgilər multiplikator effekti yaradır, işgüzar fəallığı stimullaşdırır, qonaqpərvərlik və nəqliyyat sektorunun inkişafına töhfə verir və, təbii ki, ölkənin investisiya cəlbediciliyini daha da möhkəmləndirir.

Beləliklə, sərgilər Bakını müxtəlif sənaye sahələri üzrə beynəlxalq dialoq, texnologiya mübadiləsi və biznes əməkdaşlıqları üçün əsas mərkəzlərdən birinə çevirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью