Bu il çay ixracı 24 faiz artıb

23.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkəmizdən 437,2 ton çay ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz çoxdur. İxrac edilən çayın dəyəri isə 19,4 faiz artaraq 3 milyon 801,35 min dollar olub. Məlumat üçün bildiririk ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyon 185 min dollar dəyərində yəni 353,31 ton çay ixrac edilib.

Çay ixracında qeydə alınan artım isə, heç şübhəsiz, dövlətin bu sahəyə göstərdiyi dəstək və bir sıra stimullaşdırıcı tədbirlərlə bağlıdır. Artıq ölkəmizdə çayçılığın inkişafı strateji hədəf olaraq müəyyən edilib. İxracın strukturunda çay məhsulunun payını artırmaq və yerli tələbatı ödəmək məqsədilə birbaşa subsidiyalar və imtiyazlar tətbiq olunur. Bu baxımdan dövlətin müəyyən etdiyi subsidiya mexanizmini xüsusi qeyd etmək olar. Belə ki, son 3 il ərzində salınan yeni çay plantasiyalarının hər hektarına görə fermerlərə 800 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulur. 2019-cu ilə qədər salınan plantasiyalar üçün də dəstək tədbirləri mövcuddur.

Hazırda ölkədə idxaldan asılılığı azaltmaq üçün qəbul edilən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. Bununla yanaşı, yeni çay plantasiyalarının salınması üçün torpaq sahələrinin ayrılması və suvarma sistemlərinin qurulması istiqamətində işlər aparılır. Əsas hədəf isə əkin sahələrinin və məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, Azərbaycan çayının ixrac coğrafiyasının genişləndirilməsi, regionlarda yeni iş yerlərinin yaradılması və kənd təsərrüfatının gəlirliliyinin yüksəldilməsindən ibarətdir.

Yeri gəlmişkən, Azərbaycanda çayçılıq, əsasən, Lənkəran-Astara və qismən Şəki-Zaqatala iqtisadi rayonlarında inkişaf edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında plantasiyalardan 599,6 ton yaşıl çay yarpağı yığılıb. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 4,8 faiz çoxdur.

Cari ilin ilk 5 ayında isə ölkədə 4 min 425,5 ton quru çay istehsal olunub. Bu da daxili bazarın keyfiyyətli məhsulla təminatında, idxaldan asılılığın azaldılmasında, eləcə də ölkəmizin ixrac potensialının artmasında əhəmiyyətli rol oynayır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana 30,8 milyon ABŞ dolları dəyərində 5 min ton çay idxal edilib. Bu da dəyər baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon dollar azalma deməkdir.

Qeyd edək ki, çay təkcə gündəlik içki deyil, həm də kənd təsərrüfatı və ixrac potensialına malik məhsuldur. Hazırda Azərbaycan quru və ya qara çay məhsullarını 20-yə yaxın ölkəyə ixrac edir. Çayımızın əsas alıcıları isə Rusiya (xüsusilə Dağıstan), Gürcüstan, Ukrayna, Səudiyyə Ərəbistanı, Almaniya, İsrail və başqa ölkələrdir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью