Bu il “Yaşıl Kart”da 20 mindən çox müqavilə qeydə alınıb

24.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

2026-cı ilin yanvar-iyun aylarında “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Yaşıl Kart Sistemi üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib. Hesabat dövründə Yaşıl Kart Sistemi çərçivəsində 20 min 379 Yaşıl kart müqaviləsi rəsmiləşdirilib. Bunun da hesabına 3 milyon 136 min 239 manat sığorta haqqı toplanıb.

Bu müqavilələrin 13 min 402 Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə rəsmiləşdirilib və 752 min 906 manat sığorta haqqı yığılıb. Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 6 min 977 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilərək 2 milyon 383 min 333 manat sığorta haqqı toplanıb.

Cari ilin ilk yarısında Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Türkiyə, Rumıniya, Polşa, Çexiya və digər ölkələrdə, ümumilikdə, 165 yol-nəqliyyat hadisəsi üzrə 716 min 164 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 4 min 340 manat olub.

Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 69 hadisə üzrə 435 min 182 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 6 min 307 manat təşkil edib.

Yasil Kart Sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələri ilə törədilən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.

Qeyd edək ki, İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində ölkəmizi təmsil edir. 2023-cü il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan yaşıl kartlarının satışı həyata keçirilir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью