Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əhalinin son günlər müşahidə etdiyi mülayim hava şəraiti cəmiyyətdə haqlı suallar doğurur. Qış mövsümünün ortasında temperaturun normadan yuxarı olması təkcə gündəlik həyat ritminə deyil, kənd təsərrüfatına, ekosistemə və iqtisadi gözləntilərə də təsirsiz ötüşmür. Sinoptik müşahidələr, uzunmüddətli proqnozlar və iqlim tendensiyaları fonunda hazırkı mülayim havaların yazın erkən gəlişi ilə əlaqəsi olub-olmaması isə xüsusi diqqət tələb edən mövzu olaraq qalır.
Bəs, bu istilik yazın bu il daha tez gələcəyindən xəbər verirmi?
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, qış aylarında müşahidə olunan mülayim hava çox vaxt sinoptik (qısamüddətli) proseslərlə (cənubdan isti hava axınları, siklon–antisiklonların müvəqqəti mövqeyi, temperatur inversiyaları və digər amillərlə əlaqədar olur.
Cavid Hüseynov
“Yazın həqiqətən erkən gələcəyini demək üçün ən azı fevralın sonu – martın əvvəlinə qədər atmosfer proseslərinin davranışı izlənməlidir. Yazın erkən gəlməsi isə yalnız bir-iki həftəlik mülayimliklə yox, daha dayanıqlı meyarlarla qiymətləndirilir: Məsələn, orta sutkalıq temperaturun uzunmüddətli normadan davamlı yüksək olması, soyuq hava dalğalarının (arktik müdaxilələrin) zəifləməsi, torpaq temperaturunun stabil artımı, atmosfer sirkulyasiyasının yaz tipinə keçidi və s”.
Ekspert vurğulayır ki, son illərdə qlobal istiləşmə səbəbindən də fəsillər arasındakı keçidlərin kəskinliyi azalıb.
“Artıq qış aylarında belə havada 15-20°C dərəcə istilik görmək qeyri-adi deyil. Lakin bu, stabil bir yaz havası sayılmır, sadəcə keçici bir dalğadır”.
Aynurə İsmayıl
KONKRET.az