Bu insanların yuxusu pozulur ARAŞDIRMA

15.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ alimləri yuxu rejiminin qeyri-müntəzəm olmasının depressiya, narahatlıq və tənhalıqla əlaqəli olduğunu müəyyən ediblər. Bu nəticəyə San-Fransisko və San-Dieqo Kaliforniya Universitetlərinin tədqiqatçıları təxminən 23 min ağıllı üzük istifadəçisinin məlumatlarını təhlil etdikdən sonra gəliblər.

"Cebheinfo.az" xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

TemPredict adlı tədqiqatda müxtəlif ölkələrdən 22 894 nəfər iştirak edib. Respondentlərin orta yaşı 46 olub, onların 43,5 faizini qadınlar təşkil edib.

İştirakçılar yuxuya getmə və oyanma vaxtlarını ürək döyüntüsü, hərəkət və barmaq temperaturu əsasında qeydə alan Oura ağıllı üzüyündən istifadə ediblər. Tədqiqatçılar hər bir iştirakçı üçün yuxu rejiminin müntəzəmlik indeksini hesablayıblar. Bu göstərici müxtəlif günlərdə yuxu rejiminin nə dərəcədə oxşar olduğunu müəyyən edir. İndeksin 100 olması yuxu rejiminin tam sabitliyini, aşağı göstəricilər isə qeyri-müntəzəm qrafiki ifadə edir.

Hər bir iştirakçı orta hesabla 154 gün ərzində məlumat təqdim edib. Bu müddət təxminən yeddi aylıq müşahidəni əhatə edib.

Nəticələrə görə, ağır depressiyası olan şəxslərdə yuxu müntəzəmliyi indeksi orta hesabla 74,93 təşkil edib. Normal göstəricilərə malik iştirakçılarda isə bu rəqəm 83,74 olub.

Narahatlıq pozuntusu olan şəxslərdə indeks 78,94, belə problemi olmayanlarda isə 83,67 qeydə alınıb. Tənhalıq hissi yüksək olan iştirakçılarda göstərici 81,79, tənhalıq hiss etməyənlərdə isə 83,75 olub.

Tədqiqatçılar müəyyən ediblər ki, yuxu müntəzəmliyi indeksinin hər beş bənd azalması depressiya və narahatlığın daha ağır kateqoriyasına düşmə ehtimalının artması ilə əlaqəlidir.

Yuxu ilə psixi sağlamlıq arasındakı əlaqə əvvəllər də araşdırılıb. Lakin əvvəlki tədqiqatlarda əsas diqqət yuxunun müddətinə və keyfiyyətinə yönəldilib. Yuxu rejiminin müntəzəmliyi, xüsusilə də tənhalıqla əlaqəsi isə daha az öyrənilib.

Müəlliflər qeyd edirlər ki, yuxunun müddətindən fərqli olaraq, onun rejimini insan özü dəyişə bilər. Bunun üçün hər gün eyni vaxtda yatmaq və oyanmaq kifayət edə bilər.

Ağıllı üzüklər və digər taxıla bilən cihazlar yuxu məlumatlarını avtomatik toplayaraq tətbiqlər vasitəsilə istifadəçilərə yuxu rejimini sabitləşdirmək üçün tövsiyələr verə bilər. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью