Bu işçilərin maaşı 4 min manatı keçdi Kimlərə aiddir?

12.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Məlumata görə, 2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər olub. Onlardan 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İnternet mağaza

2026-cı ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb.

İqtisadiyyatın sahələri üzrə əməkhaqqı göstəricilərinə gəlincə, ən yüksək orta aylıq nominal əməkhaqqı 4224,8 manat olmaqla mədənçıxarma sənayesində qeydə alınıb. Maliyyə və sığorta fəaliyyəti sahəsində bu göstərici 3026 manat, informasiya və rabitə sahəsində 2109,9 manat, peşə, elmi və texniki fəaliyyətdə 1915,3 manat təşkil edib.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1750 manat, nəqliyyat və anbar təsərrüfatında 1604,2 manat, tikintidə 1251 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 1214,8 manat olub.

Ən aşağı orta aylıq əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sahədə göstərici 745,3 manat təşkil edib. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində orta aylıq nominal əməkhaqqı 762,9 manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 785,6 manat olub.

Muzdla çalışan işçilərin iqtisadi fəaliyyət sahələri üzrə bölgüsündə isə ticarət və nəqliyyat vasitələrinin təmiri 18,7 faizlə ilk sırada qərarlaşıb. Təhsil sahəsində çalışanlar ümumi işçilərin 17,6 faizini, sənaye sahəsində çalışanlar 13,9 faizini təşkil edib.

Səhiyyə və sosial xidmətlər sahəsində çalışanların payı 8,6 faiz, tikintidə 6,9 faiz, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 6,1 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 4,4 faiz olub.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью