Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində sürücülər uzun müddətdir davam edən tıxac və nizamsızlıqdan şikayətlənirlər. Onların sözlərinə görə, bu ərazidəki işıqfor düzgün tənzimlənmədiyindən səhər saatlarında xaos yaranır.
Avtosfer.az xəbər verir ki, Binəqədi rayonunda, xüsusilə 8-ci mikrorayon istiqamətindən gələn avtomobillər üçün yaşıl işıq daha qısa müddət yanır. Nəticədə həmin istiqamətdən gələn sürücülər, xüsusən də Ziya Bünyadov prospekti istiqamətinə (keçmiş "Karl Marks" dairəsi tərəfə) dönmək istəyənlər tələskənlik göstərir və eyni anda hərəkət etməyə çalışırlar.
Bu zaman “Lukoil” yanacaqdoldurma məntəqəsi tərəfdən düzünə hərəkət edən avtomobillərin yolu bağlanır və nəticədə həm həmin tərəfdə, həm də qarşı zolaqlarda hərəkət ləngiyir.
Sürücülər bildirirlər ki, problem uzun müddətdir davam edir və səhər pik saatlarında vəziyyət daha da gərginləşir. Onlar aidiyyəti qurumlardan işıqforun vaxt intervallarının yenidən tənzimlənməsini və hərəkət axınının düzgün şəkildə koordinasiya olunmasını tələb edirlər.
Eltac Zülfüqaroğlu