Bu ixtisaslara tələbat artacaq: Ekspertdən AÇIQLAMA

23.12.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər aqrar sahə üzrə ixtisaslara marağın azalması təhsil və əmək bazarında ciddi müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bu tendensiyanın səbəblərini cəmiyyətin formalaşdırdığı gözləntilər və əmək bazarındakı dəyişikliklərlə əlaqələndirirlər.

Təhsil eksperti Məzahir Məmmədli Gununsesi.info-ya açıqlamasında bildirib ki, bir vaxtlar baytarlıq, aqronomluq və zootexniklik kimi ixtisaslar cəmiyyətdə nüfuzlu sahələr hesab olunurdu. Lakin zamanla, xüsusilə özəl sektorun genişlənməsi fonunda bu istiqamətlərdə xarici mütəxəssislərə üstünlük verilməsi yerli kadrların imkanlarını məhdudlaşdırıb.

“Bu da gənclərin daha çox gəlir və sosial status vəd edən sahələrə yönəlməsinə səbəb olub”.

Ekspertin sözlərinə görə, quşçuluq və heyvandarlıq təsərrüfatlarında xarici mütəxəssislərin yüksək maaşla cəlb edilməsi yerli mütəxəssislərin rəqabət qabiliyyətini azaldıb və nəticədə aqrar sahəyə maraq zəifləyib.

” Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində əmək bazarının tələblərinə uyğun kadr hazırlığı aparılır. Buna baxmayaraq, abituriyentlərin böyük əksəriyyəti hələ də aqrar ixtisaslar əvəzinə hüquq, tibb və informasiya texnologiyaları sahələrini seçməyə üstünlük verir.  Bəzi mütəxəssislər ixtisas qrupları üzrə qəbul sisteminin ləğv edilməsini təklif edir. Onların fikrincə, inkişaf etmiş ölkələrdə abituriyentlər ixtisas seçimində maraq və bacarıqlarını əsas götürürlər”.

M.Məmmədli gələcəkdə aqrar sahədə məşğulluq imkanlarının artacağını və bu istiqamətə marağın mərhələli şəkildə bərpa olunacağını istisna etməyib. Onun fikrincə, aqrar sektor ölkə üçün strateji əhəmiyyət daşıyır və peşəkar kadrlara ehtiyac getdikcə artır.

Ayşən

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью