Bu ixtisaslarda qiyabi təhsil səmərəsiz hesab olunur AÇIQLAMA

13.12.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"İncəsənət Gimnaziyasında onlayn təhsilin tətbiq olunması valideynlər arasında ciddi narazılıq yaradıb. Əslində, bu etirazlar tam əsaslı görünür. Məsələ təkcə İncəsənət Gimnaziyası ilə məhdudlaşmır. Ümumilikdə, qiyabi təhsil daha çox nəzəri biliklərin ötürülməsi üçün uyğun hesab olunur. Lakin elə sahələr var ki, burada bacarıq, refleks, praktik məşğələlər və canlı ünsiyyət əsas şərtdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 
"Bu sahələrdə müəllimlə şagird arasında birbaşa təmas, canlı korreksiya, real mühitdə təcrübə həlledici rol oynayır. Qiyabi təhsil isə belə istiqamətlərdə təhsil keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Azərbaycanda qiyabi təhsilin uyğun olmadığı bir sıra sahələr mövcuddur.
Xüsusilə incəsənət sahəsi bu baxımdan daha həssasdır. Musiqi, ifaçılıq, dirijorluq, vokal, rəssamlıq, heykəltəraşlıq, xoreoqrafiya, teatr, aktyorluq və rejissorluq kimi ixtisaslarda qiyabi təhsil mahiyyət etibarilə məqbul hesab edilmir. Bu sahələr canlı səhnə təcrübəsi, davamlı məşq və müəllimin birbaşa müdaxiləsini tələb edir".
O bildirib ki, bu il 5-ci ixtisas qrupunda aktyorluq üzrə qiyabi yerlərin açılması ciddi suallar doğurur:
"Təsəvvür edin ki, bir şəxs aktyorluq təhsili almadan, lakin illərlə teatrda çalışaraq ad və nüfuz qazanıb. Belə bir sahədə qiyabi təhsilin nə dərəcədə düzgün olduğu sual altındadır. Valideynlərin etirazı da məhz bu nöqtədə əsaslı görünür.
Eyni yanaşma tibb sahəsinə də aiddir. Həkimlik, laboratoriya işi, klinik praktika birbaşa canlı xəstə ilə təmas olmadan təhlükə mənbəyinə çevrilə bilər. Məhz buna görə də Azərbaycanda tibb üzrə qiyabi təhsil mövcud deyil.
Pedoqoji ixtisasların böyük əksəriyyətində də vəziyyət oxşardır. Xüsusilə riyaziyyat və digər əsas fənlər üzrə qiyabi təhsil nəzərdə tutulmur. Bu, təhsil sistemində doğru qərar kimi qiymətləndirilir.
Bundan əlavə, mühəndislik sahələri, mexanika, inşaat mühəndisliyi, avtomatika, idman və bədən tərbiyəsi müəllimliyi, hüquq mühafizə orqanları, hərbi ixtisaslar kimi istiqamətlərdə də qiyabi təhsil yoxdur. Bu sahələrdə real praktika əsas şərt sayılır.
Qiyabi təhsil yalnız nəzəri biliklərin üstünlük təşkil etdiyi sahələr üçün uyğun ola bilər. Praktika və birbaşa təcrübə tələb edən ixtisaslarda isə bu model təhlükəli və səmərəsiz hesab olunur".
Qeyd edək ki, İncəsənət Gimnaziyasında təhsil alan tələbələrin valideynləri dərslərin onlayn olmasından narazılıq ediblər.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью