Icma.az bildirir, Baku.ws portalına istinadən.
Sabirabad və Salyan rayonlarının iki kəndində elektrik təchizatının yaxşılaşdırılması məqsədilə genişmiqyaslı yenidənqurma işləri həyata keçiriləcək. Layihə çərçivəsində elektrik xətləri və transformator məntəqələri yenilənəcək, mövcud şəbəkə müasir xətlərlə əvəzlənəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu işlər "Azərişıq" ASC tərəfindən Sabirabad rayonunun Quruzma və Salyan rayonunun Kürsəngi kəndlərində həyata keçiriləcək.
Layihənin ehtimal olunan dəyəri 7 milyon 366 min 389,56 manat təşkil edir. İşlərin 5 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Yenidənqurma zamanı 10 kV-luq SİP-3 hava xətlərinin, komplekt transformator məntəqələrinin (KTM) və 0,4 kV-luq elektrik şəbəkəsinin özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenilənməsi planlaşdırılır.
Layihənin icrası kəndlərdə elektrik enerjisinin daha etibarlı və keyfiyyətli ötürülməsi baxımından əhəmiyyət daşıyır. Şəbəkənin müasirləşdirilməsi elektrik xətlərində yaranan nasazlıqların və enerji itkilərinin azaldılmasına, eləcə də istehlakçıların fasiləsiz elektrik təchizatının yaxşılaşdırılmasına töhfə verə bilər.