Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Albaniya mətbuatı Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ"ın uğurlu çıxışı haqda yazıb.
Sportal.az xəbər verir ki, "Shqiptarja.com" portalı Ağdam klubunun baş məşqçisi haqda bu cür paylaşım edib:
"Qarabağ" Qurban Qurbanovun evidir, səbir, intizam və aydın vizyonla qurulmuş həyat layihəsidir. "Qarabağ" sadəcə illərdir idarə etdiyi komanda deyil, həm də onun işinin mahiyyəti və futboldakı fəlsəfəsinin ən təmiz əksidir. Bu gün Azərbaycan komandasının Avropa arenasında etdikləri Çempionlar Liqasının ən gözəl hekayələrindən biri hesab olunur. Məşqçi olmazdan əvvəl Qurbanov Azərbaycan tarixinin ən yaxşı oyunçularından biri idi. O, karyerasının böyük hissəsini Rusiyada keçirib və postsovet dövründə milli komandanın ən çox qol vuran oyunçularından biri olaraq qalır. 2006-cı ildə, 34 yaşında "Neftçi"ni çalışdırmağa başlayıb, lakin təzyiq və təcrübə çatışmazlığı cəmi bir mövsümdən sonra karyerasına son qoyub. Lakin "Qarabağ"dan gələn bir telefon zəngi hər şeyi dəyişib. 1993-cü ildə müharibə (Ermənistanın işğalına görə) səbəbindən Ağdamdan Bakıya köç edən və ciddi maliyyə çətinlikləri ilə üzləşən klub, sıfırdan özünəməxsusluq yaratmaq vəzifəsini Qurban Qurbanova həvalə edib.
Qurban Qurbanov lap əvvəldən aydın qaydalar müəyyən etmişdi: intizam, zəhmətkeşlik və maksimum sədaqət. O, oyunçular üçün nümunə oldu, həmişə məşqə ilk gələn və sonuncu gedən idi. Məşqçi yerli oyunçuları xarici transferlərlə birləşdirərək təsadüfə deyil, uzunmüddətli struktur və etibara əsaslanan bir sistem yaradaraq ardıcıl bir fəlsəfə qurdu. Qurbanov illər əvvəl demişdi: "Daha yüksək səviyyədə uğur qazanmaq üçün özünüzə və ideyanıza inanmalısınız. Biz uzunmüddətli nəticə verəcək bir sistem qururuq”. "Qarabağ" ilk çempionluq titulunu 2013-cü ildə qazanmışdı. "Azərsun Holdinq"in dəstəyi ilə klub Azərbaycan futbolunda dominant qüvvəyə çevrildi və ümumilikdə 11 çempionluq titulunu əldə etmişdi.
Azərbaycanda Qurban Qurbanovu tez-tez Ser Aleks Ferqyusonla müqayisə edirlər. O, sadəcə məşqçi deyil, klubun mərkəzi fiqurudur, taktika və heyət inkişafından tutmuş səyahətlərin təşkilinə və oyunçuların gündəlik həyatına qədər hər detalda iştirak edir. O, digər klubların təkliflərini rədd etdi. Həmçinin milli komandanın məşqçisi vəzifəsindən də imtina etmişdi (əslində, o, "Qarabağ"ı idarə edərkən milli komandaya da rəhbərlik edirdi – red). Yalnız bir layihəyə - "Qarabağ"a sadiq qalmağa qərar verdi.
Bu gün "Qarabağ"ın 10 xalı var və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün çox yaxşı mövqedədir. Halbuki onlar "Enfild Round"da "Liverpul"a qarşı finalda ciddi sınaqla üzləşəcək.
Qurban Qurbanov üçün hər gün daha yaxşı nəsə etmək üçün fürsətdir. Hər məşq, hər qərar və hər matç onun möhtəşəm vizyonunun bir hissəsidir: "Qarabağ"ı daha güclü, daha rəqabətli və Avropada daha hörmətli etməyə çalışmaq".
saytlarin hazirlanmasi