Bu Konvensiya Ermənistanla sülh imzalanadək tətbiq edilməyəcək

24.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan beynəlxalq hüquqi sənədi imzalayarkən öz milli maraqlarına uyğun bir sıra qeyd-şərtlər və bəyanatlar irəli sürüb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən iclasında gündəliyin ikinci məsələsi – “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi ilə bağlı çıxışında deyib.

O bildirib ki, 20 may 2026-cı il tarixinə olan rəsmi məlumata əsasən, konvensiyanın 69 iştirakçı dövləti var. 42 maddədən ibarət beynəlxalq hüquqi sənədin əsas məqsədi xarici ölkələrdə mülki və ya ticarət işləri üzrə sübutların toplanması və digər məhkəmə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı hüquqi yardım mexanizmlərini sadələşdirməkdir.

Deputatın sözlərinə görə, konvensiya müxtəlif hüquq sistemlərinə malik dövlətlər arasında mülki proses sahəsində əməkdaşlığın razılaşdırılmış prosedurlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Sənəd iştirakçı dövlətlərin səlahiyyətli orqanlarına sorğu məktubları vasitəsilə müraciət etmək, sübutlar əldə etmək və digər məhkəmə hərəkətlərini həyata keçirmək imkanları yaradır.  

N.Səfərov diqqətə çatdırıb ki, konvensiyanın müddəalarına əsasən, iştirakçı dövlətlər mülki və ya ticarət işləri üzrə sübutların əldə edilməsi və digər məhkəmə fəaliyyətlərinin yerinə yetirilməsi üçün bir-birinin səlahiyyətli orqanlarına sorğu göndərə bilərlər. Sənəddə sorğu məktublarının məzmunu, göndərilmə qaydası, mərkəzi orqanın müəyyən edilməsi, istifadə olunacaq dil və məhkəmə xərcləri ilə bağlı məsələlər də tənzimlənir.

Deputat qeyd edib ki, Azərbaycan 1969-cu il 23 may tarixli Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının 20 və 21-ci maddələrinə uyğun olaraq, bu sənədi imzalayarkən bir sıra qeyd-şərtlər və bəyanatlar irəli sürüb.

Onun sözlərinə görə, bəyanatlardan biri Azərbaycan-Ermənistan münasibətlərinə aiddir. Həmin bəyanata əsasən, münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında saziş qüvvəyə minənədək konvensiyanın müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

N.Səfərov vurğulayıb ki, bu bəyanatda 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sülh sazişinə istinad olunur. Onun sözlərinə görə, bu hüquqi yanaşma Azərbaycanın digər beynəlxalq müqavilələrin imzalanması prosesində də əksini tapacaq.

Deputat digər bəyanatların konvensiyanın ayrı-ayrı maddələrinin tətbiqi ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, səkkizinci maddəyə əsasən, sorğu edən tərəfin məhkəmə orqanlarının nümayəndələri sorğunun icrasında yalnız Azərbaycan qanunvericiliyinə uyğun və səlahiyyətli orqanın əvvəlcədən verdiyi icazə əsasında iştirak edə bilərlər.

N.Səfərov əlavə edib ki, konvensiyanın ikinci maddəsinə uyğun olaraq, Azərbaycanın mərkəzi orqanı qismində Ədliyyə Nazirliyi müəyyən edilib. Dördüncü və 33-cü maddələrlə bağlı qeyd-şərtlər isə sorğu sənədlərinin Azərbaycan dilində təqdim olunmasını və ya Azərbaycan dilinə tərcümə ilə təmin edilməsini, eləcə də digər prosedur məsələləri əhatə edir. 

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью