Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində kütləvi şəkildə qayda pozan sürücülər qeydə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” xəttinə videomaterial göndərərək ətraflı məlumat verib. Kadrlardan göründüyü kimi, sözügedən ərazidə müxtəlif markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini bucaq altında park edərək hərəkət zolağını zəbt ediblər.
Nəticədə ərazidən keçən sürücülər zolaqda hərəkət edə bilmədikləri üçün məcbur qalaraq əks istiqamətli yola çıxıblar. Bu isə onların həm qayda pozmalarına, həm də qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olur.
Şikayətçinin sözlərinə görə, həmin ərazidə demək olar ki, hər gün eyni mənzərə müşahidə olunur və hərəkət zolağını zəbt edən sürücülərin əksəriyyəti qeyri-rəsmi şəkildə “manatlıq” taksi fəaliyyəti ilə məşğul olan şəxslərdir.
Üstəlik, sürücülər avtomobillərini piyada keçidinə və avtobus dayanacağına yaxın ərazidə saxlayıblar.
İzləyici aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.
Nərmin