Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində kütləvi şəkildə dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə Avtosfer.az-ın “Instagram” səhifəsinə müraciət edən izləyici videogörüntü göndərərək ətraflı məlumat verib. Hadisə iyulun 6-da səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, 77-QR-725 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı, “Range Rover” markalı, “Audi” markalı və ondan öndə park edilmiş avtomobillər “Dayanma-durma qadağandır” nişanının təsir zonasında saxlanılıb.
Şikayətçinin sözlərinə görə, bu səbəbdən sol zolaqda hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşır və sürücülər məcburən digər zolaqlara manevr edirlər. Nəticədə, ərazidə lüzumsuz tıxac yaranır. Xüsusilə günün pik saatlarında sıxlıq daha da şiddətlənir.
İzləyici bildirib ki, sözügedən küçədə bu hal demək olar ki, hər gün təkrarlanır və sürücülərin hərəkətinə ciddi maneə yaradır.
Şikayətçi problemin aradan qaldırılması üçün tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayıb.
Nərmin