futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sumqayıt” Misli Premyer Liqasının IX turunda “Zirə”yə uduzdu – 2:3.
Matçdan sonra “kimyaçılar”ın futbolçusu Sedrik Badalo “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Məğlubiyyəti şərh edərdiniz.
– Bir qədər məyusam. Qələbə qazana bilərdik, amma olmadı. Şanslarımızdan yaxşı istifadə edə bilmədik. Bu görüşü unudub, növbəti matça köklənməliyik.
– Yaxşı nəticə üçün nə çatmadı?
– Belə matçlarda ələ düşən hər fürsətdən yararlanmalısan. Üstəlik, oyuna yaxşı başlamadıq, ardıcıl qollar buraxdıq. Buna baxmayaraq, reaksiya verə bildik və fasiləyə qədər fərqi azaltdıq. İkinci hissəyə də intensiv qoşulduq. Qol vurduq, amma sonra yenə üstünlüyü rəqibə verdik. Bundan sonra onlar təzyiqi artırıb, qələbə qolunu vurdular.
– Artıq 6 ildir, “Zirə”yə qalib gələ bilmirsiniz. Sizcə bu, nə ilə bağlıdır? Bəxtiniz gətirmir, yoxsa rəqib daha güclüdür?
– “Zirə” yaxşı komandadır. Məncə, bəxtlə də əlaqəsi yoxdur. Bu, lənət deyil, sadəcə uğursuz seriyadır. İnanıram ki, hər şey yaxşı nəticələnəcək. “Zirə”yə qarşı hələ oyunlarımız olacaq. İnanıram ki, qələbəsizlik seriyamızı pozacağıq.
– Baş məşqçiniz Filipe Kandidonun fəlsəfəsinə uyğunlaşmısınız?
– Bəli. Mənim adaptasiya problemim olmur. Məşqçi nə tapşırıq verirsə, yerinə yetirməyə hazır oluram. Kandido zəhmətə dəyər verən biridir. Bu da mənim prinsiplərimə uyğundur. Hər matçda komandam üçün faydalı olmaq istəyirəm.
– Qarşıda Azərbaycan Kubokunda “Kür-Araz”la oyun var. Qarşılaşmadan gözləntiləriniz nələrdir?
– Hər oyuna qələbə üçün çıxırıq. Rəqibimizə hörmətlə yanaşmalı, əvvəlki səhvlərimizi düzəltməliyik. Yalnız qələbə haqqında fikirləşirik.
Şahin Cəfərov