“Bu limanları vurmaqla İran iflic olacaq, 8 10 milyon qaçqın isə…” Tofiq Zülfüqarovdan SENSASİON proqnozlar

29.01.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

“Üç sual, üç cavab” layihəsinin suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Diplomatla söhbətimizdə İran ətrafında cərəyan edən son hadisələrə toxunmuşuq. Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Tramp son bəyanatında Venesuelaya göndərilən qrupdan daha böyük armadanın İrana yaxınlaşdığını açıqladı və masaya oturmağa çağırdı. Sizcə, bu “əzələ nümayişi”nə oxşayır, yoxsa İrana hücumun son hazırlıq mərhələsidir?

- Belə başa düşürəm ki, hərbi donanmanın göndərilməsi ilə paralel olaraq təmaslar da var. Bəziləri təmasları təkzib edir, amma məncə, danışıqlar gedir və bir neçə mövzu ətrafında şərtlər irəli sürülüb. Görünür ki, ABŞ İran qarşısında bir ultimatum qoyub və eyni vaxtda hərbi gəmiləri də göndərib Tehranı hədələyir. İlk şərt nüvə proqramıdır, ikincisi ballistik raketlərin sayının azaldılmasıdır.
Açıq səslənməyən və hamıya bəlli olan isə budur ki, İranda əsas məsələ rejimin dəyişməsidir. Yəni mövcud sistemi ya şah rejimi ilə dəyişirlər, ya da daxildə siyasi elita, dövlətin stukturu dəyişəcək. Çünki İranda özünəməxsus dövlət strukturu var. Bir tərəfdə dövlət orqanları, digər tərəfdə isə inqilab keşikçiləri olan SEPAH-dır. Bu struktur olduqca genişdir, səlahiyyətləri böyükdür. Ümumiyyətlə, İranda həmişə proses gedib, SEPAH-la hökumətin qarşıdurması olub. Bu baxımdan, indi dini dövlətdən ayırmaq üçün dəyişikliklər baş verir.

- Əgər ABŞ-la İran danışıqlarında anlaşma olarsa, mövcud rejim öz ömrünü uzatmağa nail olacaqmı?
- ABŞ daha çox üstünlüyü bu prosesə verib. Yəni cəmiyyət dəyişərkən idarəetmə sistemi də dəyişsin. Bir növ SSRİ-dəki “perestroyka”ya bənzər dəyişikliklər nəzərdə tutulub. Ancaq ABŞ-ın İranla bağlı şərtləri qəbul olunmasa, quru əməliyyat gözlənilmir. Sadəcə, Fars körfəzində bir neçə liman var, onların vurulması ilə ixrac dayanacaq, sosial partlayış olacaq, ölkə iflic vəziyyətə düşəcək. Eyni zamanda, bir neçə neft obyekti var ki, vurulsa, İranda iqtisadiyyat çökəcək. Üçüncü mühüm məsələ isə budur ki, böyük qaçqın dalğası olacaq. Hətta bəzi hesablamalara görə, 8-10 milyon İran vətəndaşı Türkiyəyə üz tuta bilər. Demək istəyirəm ki, ABŞ-nin hərbi donanmasının İran sahillərinə gəlməsindən asılı olmayaraq, elə vasitələr var ki, onlardan istifadə edilməklə İran iflic vəziyyətə salınacaq.

- Biz qaçqın selinə nə qədər hazırıq?

- Bu vəziyyətə heç kəs hazır ola bilməz. Sadəcə, İranda olan problemlər sülh və danışıqlarla həllini tapmalıdır. Biz təhlükələri gözləyirik və mesajları veririk. Azərbaycan vasitəçiliyə, danışıqlara dəstək verməyə hazırdır. Orada yaşayan insanlar bizə dil, din, etnik baxımdan yaxındırlar. Ona görə də biz siyasi danışıqların olmasında maraqlıyıq./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью