Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Məlum olduğu kimi, dövlət büdcəsindən maliyyələşən qurumların büdcədənkənar vəsaitlərindən istifadəyə yeni qaydalar müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, bu vəsaitlərin işçilərin sosial müdafiəsinə yönəldilən hissəsindən yalnız müəyyən kateqoriyaya aid işçilər üçün istifadə olunacaq, qalan vəsaitlər isə dövlət büdcəsinə köçürüləcək. Eyni zamanda, büdcədənkənar vəsaitlər hesabına verilən maaş əlavələri, mükafat və digər ödənişlərə yuxarı hədlər müəyyən edilir. yeni qaydaların dövlət qurumlarında çalışanların gəlirlərinə təsiri eyni olmayacaq. Büdcədənkənar vəsaitlər hesabına mütəmadi olaraq maaş əlavəsi və mükafat alan işçilər üçün faktiki gəlirin azalması mümkündür. Xüsusilə, əsas əməkhaqqı aşağı olan və ümumi gəlirinin müəyyən hissəsini mükafatlar hesabına formalaşdıran əməkdaşlar bunu daha ciddi hiss edə bilərlər. Ona görə də narazılığın yaranması müəyyən mənada başadüşüləndir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, burada dövlət vəsaitlərinin idarə olunması baxımından əsas məqsəd büdcədənkənar gəlirlərin qeyri-məhdud şəkildə əməkhaqqına və müxtəlif əlavələrə yönəldilməsinin qarşısını almaqdır. Əgər eyni dövlət sistemində bir qurumun əməkdaşı büdcədənkənar gəlirlər hesabına yüksək mükafat alır, digər qurumun əməkdaşı isə yalnız tarif maaşı ilə kifayətlənirsə, bu, dövlət sektorunda gəlirlər üzrə ciddi fərqlər yaradır:
“Yeni məhdudiyyətlər müəyyən qədər bu fərqlərin aradan qaldırılmasına və maliyyə intizamının gücləndirilməsinə xidmət edə bilər”.
Sevinc Qarayeva