Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"Son illərdə dövrün tələblərinə uyğun olaraq gənclərin süni intellekt, informasiya texnologiyaları, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi kimi sahələrə marağı artıb. Çünki gənclər bu istiqamətlərin əmək bazarında geniş imkanlar yaratdığını və gəlir baxımından perspektivli olduğunu yaxşı anlayırlar. Bu maraq həm oğlanlarda, həm də qızlarda müşahidə olunur. Lakin mühəndislik ixtisaslarında qızların sayı hələ də oğlanlarla müqayisədə azdır. Eyni zamanda, pedaqoji ixtisaslarda qızların üstünlük təşkil etdiyini görürük".
Bunu 525.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib. Ekspertin sözlərinə görə, unun əsas səbəblərindən biri ailələrdə və cəmiyyətdə formalaşmış stereotiplərdir. Abituriyentlər və valideynlərlə ünsiyyət zamanı bu cür hallarla tez-tez qarşılaşırıq. Məsələn, ixtisas seçimi zamanı qız abituriyentin balı arzuladığı müəllimlik ixtisasına çatmadıqda ona mühəndislik ixtisaslarını təklif edirik. Lakin bəzi valideynlər bu təklifi qəbul etmirlər. Səbəb kimi isə qızlarının gələcəkdə mühəndis kimi işləməsini istəmədiklərini göstərirlər. Hətta bəzi valideynlər düşünürlər ki, qızları ailə qurduqdan sonra həyat yoldaşları onların kişi həmkarlarının üstünlük təşkil etdiyi mühitdə işləməsinə razılıq verməyə bilər. Onların fikrincə, müəllimlik daha münasib peşədir. Çünki məktəblərdə qadın müəllimlərin sayı çoxdur və bu sahədə ailə baxımından problem yaranmayacaq.
Sevinc Qarayeva