525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Futbol belədir. Sən öz imkanlarını qaçırırsansa, sonda peşman olacaqsan. İndi hamımız peşmanıq”.
525.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ayxan Hüseynov Millətlər Liqasının D Liqasında Bakıda Lixtenşteynlə heç-heçə etdikləri oyun (0:0) barədə danışarkən deyib.
O, qolsuz bərabərliyi belə şərh edib: “Hər kəs yalnız qələbə barədə düşünürdü. Təəssüf ki, yenə çoxlu epizod yaratsaq da, onları qola çevirə bilmirik. Bilmirəm niyə belədir. Artıq neçənci oyundur ki, yaxşı epizodlarımız olsa da, dəyərləndirə bilmirik. Özümüz də başa düşmürük ki, niyə belə olur. Oturub fikirləşməliyik ki, növbəti oyuna daha istəkli, daha konsentrasiyalı çıxaq”.
Hüseynov bu heç-heçənin millimiz üçün məğlubiyyətə bərabər olduğunu vurğulayıb: “Rəqibin sevinməsi bizi qıcıqlandırır. Onlar üçün heç-heçə qələbə kimidir. Bizim üçün isə əksinə, heç-heçə məğlubiyyətə bərabərdir. Halbuki qələbəni düşünürdük. Alınmadı. Futbolda elədir ki, qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan. İnşallah növbəti oyuna maksimum hazırlaşmalı, bu matçı unutmalıyıq”.
Millimizin üzvü “Lixtenşteynlə heç-heçədən sonra Litva üzərində qələbə inanırsınız?” sualını belə cavablandırıb: “Bəli, inanırıq. Yenə deyirəm, epizodları dəyərləndirsəydik, 6-7 qol vura bilərdik, indi gülüb danışırdıq”.
27 yaşlı futbolçu azarkeşlərin millidən üz döndərməsinə də toxunub: “Mən də haqda geniş fikir bildirə bilmərəm. Lakin biz ölkəmizi, azarkeşlərimizi sevindirmək istəyirik. Alınmadı. Keçmiş oyunları unutmalı, qarşıdakı matça pozitiv hazırlaşmalıyıq. Qələbə qazanmaq istəyirsənsə, pozitiv olmalısan. Azarkeşlərimizi düşünürük, onları hər matçda sevindirmək istəyirik. Bu dəfə alınmadı, inşallah, 3 gündən sonra çalıışacağıq lazımi nəticəni qazanaq”.
İbrahim Cəfərov