Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kənd tam orta ümumtəhsil məktəbində pedoqoji heyət vahid geyim formasına keçib.
Bu barədə Modern.az-a məktəbdən məlumat verilib.
Qeyd edək ki, 15 sentyabr 2026-cı il tarixində Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbində 33 ildən sonra ilk dəfə “Bilik Günü” tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Zamiq Həmzəyev tədbiri giriş sözü ilə açaraq şəhid ailələrini, pedaqoji kollektivi, şagirdləri və qonaqları salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə hər kəsə uğurlar arzulayıb. Direktor çıxışında 33 ildən sonra Horovluda ilk dəfə “Bilik Günü”nün qeyd olunmasının tarixi əhəmiyyətini vurğulayıb, şəhidlərə rəhmət, qazilərə can sağlığı, Ali Baş Komandana uğurlar diləyib.
Daha sonra şəhid ailələri və qonaqlar çıxış edərək müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində şagirdlər şeirlər söyləyib, rəqslərlə çıxış ediblər. Sonda şagirdlər sinif otaqlarına daxil olaraq yeni tədris ilinə başlayıblar.