Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxslərə 20 milyon dollaradək mükafat təklif edib. Vaşinqton, həmçinin bu məlumatları təqdim edənlərə xaricə köçməkdə yardım göstərməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, İranın nüvə proqramı ilə əlaqəli obyektlər, avadanlıqlar, daşınmalar və əməkdaşlar barədə informasiya təqdim edən şəxslərə mükafat ABŞ Dövlət Departamentinin “Ədalətə yardım müqabilində mükafat” proqramı çərçivəsində veriləcək.
ABŞ Dövlət Departamentinin sənədində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 2025-ci ilə aid məlumatlarına istinad edilərək bildirilir ki, İran uranı 60 faizədək zənginləşdirir. Bu göstərici nüvə silahının hazırlanması üçün tələb olunan 90 faizlik zənginləşdirmə səviyyəsindən bir qədər aşağıdır.
Sənəddə vurğulanır ki, İran nüvə silahına malik olmayan dövlətlər arasında bu qədər yüksək səviyyədə zənginləşdirilmiş uran istehsal edən yeganə ölkədir.
Ekspertlərin qiymətləndirməsinə görə, zənginləşdirmə prosesi davam edərsə, İranın malik olduğu uran ehtiyatı bir neçə nüvə silahının hazırlanması üçün kifayət edə bilər.