Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda hüquq-mühafizə və məhkəmə sisteminin cəmiyyətin ən yaralı yeri olaraq qaldığı heç kimə sirr deyil. Təəssüf ki, əsas vəzifəsi ədalət nizam tərəzisini və vətəndaşın hüquqlarını qorumaq olan məhkəmələrimiz çox vaxt bunun tam əksini etməklə məşğuldur. Bu, son zamanlar tikinti şirkətləri ilə sıravi vətəndaşlar arasındakı məhkəmə mübahisələrində də özünü tez-tez büruzə verməkdədir…
“AzPolitika” xəbər verir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov bu mövzuyla bağlı öz praktikasından çıxış edərək, maraqlı paylaşım edib: “Məhkəmə sistemimizin acınacaqlı vəziyyətinin göstəricisi tikinti şirkətləri ilə mübahisələrə münasibətdir. Xüsusilə də mövcud yaşayış binalarını qanunsuz dağıdıb yerində yeni bina tikən şirkətlər üzrə. Belə şirkətlərdən biri “Kursus-Nizami” MTK-dır. Barəsində dəfərlərlə yazılsa da, bəzi hakimlər hətta qanunu və vicdanı rəhbər tutaraq onun əleyhinə qərarlar çıxartsa da, son nəticədə məhkəmə sistemi onun tərəfini tutur. Bu MTK o cümlədən Nizami rayonundakı K.Balakişiyev küçəsi, ev 43-ə iddialıdır. Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki, get sakinlərlə razılığa gəl, binanı sök, yerində yenisini tik, sakinlərə orada mənzil ver. Guya bina qəzalıdır. Halbuki bu halda qərarı şəhər icra hakimiyyəti deyil, məhkəmə verməli idi - FHN-nin müraciəti əsasında. Hər bir halda MTK sakinlərin xeyli hissəsi ilə heç razılığa da gəlməyib. Axı normal insan necə binasının sökülməsinə razı olar? Yeni binanın tikilməsinə kim təminat verir? 100 manat pulu olan MTK? Bu azmış kimi, tikiləcək binanın heç layihəsi də təsdiq olunmayıb. Buna baxmayaraq, bəzi qanunsuz məhkəmə aktları əsasında sakinləri mənzillərindən zorla çıxarıb, mənzillərini viran qoyublar. İşğalçı kimi! Yəni insanları məcbur edirlər ki, bu MTK-nin müştərisi olun. Heç yekun məhkəmə qərarlarını gözləmədən. Məhkəmə işləri isə davam edir.
Məhkəmə işlərindən biri neçə aydır ki, Bakı Apellyasiya Məhkəməsində davam edir. MTK mövqeyini gücləndirmək üçün heç bir arqument gətirmir, gətirə də bilməz. Sadəcə, Ali Məhkəmə də daxil olmaqla, digər sakinlərə qarşı çıxarılmış məhkəmə qərarlarını təqdim edir. Yəni baxın da, artıq bir neçə işi udmuşuq! Həmçinin binadan könüllü çıxmış sakinlərin şikayətinə istinad edir: həmin sakinlər deyir ki, binadan könüllü çıxmayan sakinlər yeni binanın inşasına mane olurlar. Bu azmış kimi, MTK Prezidentə də Bakı Apellyasiya Məhkəməsindən şikayət edib ki, guya iş əsassız olaraq uzanır. Həyasızlığın pik həddidir!
Əslində, məhkəmə qərarı olmadan bina artıq sökülür, sakinlər oradan zorla çıxarılıb. Yəni faktiki olaraq sakinlərin qayıda biləcəyi bina artıq yoxdur. Hazırda sakinlərin tələb edə biləcəyi yeganə şey odur ki, tikilən binada onlara guya veriləcək mənzilə mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı həyata keçirilsin. Heç olmasa əmin olsunlar ki, bina tikilsə, mənzil onlarındır. Lakin MTK bunu etmir və edə də bilməz. Çünki binanın heç təsdiqli layihəsi də yoxdur. Mənzilə qabaqcadan qeydiyyat isə Azərbaycanda korrupsiyasız ötüşmür...”
C.Məmmədli
“AzPolitika.info”