Bu məşq növü ömrü UZADIR

10.08.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Aparılan genişmiqyaslı araşdırma güc məşqlərinin hətta az müddətdə belə sağlamlığa əhəmiyyətli fayda verdiyini göstərib. Ən yüksək faydanın isə həftədə 30-60 dəqiqəlik məşqlə əldə olunduğu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "British Journal of Sports Medicine" jurnalında dərc olunub.

Beynəlxalq alimlər qrupu 2 milyona yaxın insanın məlumatlarını əhatə edən onlarla müşahidə tədqiqatının nəticələrini təhlil edib. Tədqiqatda ağırlıqlarla, elastik lentlərlə və ya insanın öz bədən çəkisi ilə edilən güc məşqlərinin ümumi ölüm, ürək-damar xəstəlikləri, xərçəng və 2-ci tip diabet riski ilə əlaqəsi araşdırılıb.

Nəticələr göstərib ki, həftədə cəmi 1-2 qısa güc məşqi belə ümumiyyətlə məşq etməyən insanlarla müqayisədə ölüm riskini təxminən 10-20 faiz azaldır.

Məşq müddəti həftədə 30-60 dəqiqəyə qədər artırıldıqda sağlamlığa fayda da yüksəlir. Lakin bu müddətdən sonra məşq vaxtının daha da artırılması ölüm riskinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmayıb.

Oxşar nəticələr ayrı-ayrı xəstəliklərlə bağlı da əldə olunub. Ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskinin azalması ən çox orta həcmli güc məşqləri ilə əlaqəli olub. Bəzi xərçəng növlərinin profilaktikasında isə optimal məşq müddətinin bir qədər daha geniş olduğu müəyyənləşib.

Alimlər bildiriblər ki, nəticələr güc məşqlərinin faydasını görmək üçün uzun və intensiv məşqlərin vacib olduğu düşüncəsini dəstəkləmir. Məsələn, həftədə 2-3 dəfə 15-20 dəqiqəlik müntəzəm məşqlər belə sağlamlıq üçün əhəmiyyətli fayda verə bilər.

Tədqiqat müəllifləri qeyd ediblər ki, əldə olunan nəticələr yaşdan, cinsdən və güc məşqlərinin aerobik məşqlərlə birlikdə edilib-edilməməsindən asılı olmayaraq özünü göstərib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью