Bu münasibətlər yanlız diplomatik əlaqələrdən ibarət deyil

03.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanla Özbəkistan arasında münasibətlər yalnız iki dövlətin diplomatik əlaqələrindən ibarət deyil. Biz eyni kökdən qaynaqlanan, eyni mənəvi dəyərləri bölüşən, tarixin müxtəlif mərhələlərində bir-birinə dayaq olmuş iki xalqın qardaşlığından danışırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Səməd Seyidovun sözlərinə görə, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.

O, 26 iyul 2023-cü ildə Daşkənddə imzalanmış, 11 maddədən ibarət Əbədi dostluq müqaviləsinin siyasi-fəlsəfi əhəmiyyətinə diqqət çəkib. Deputat xatırladıb ki, 2024-cü il avqustun 23-də imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə iki dövlət arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin hüquqi əsaslarını yaradıb.

“Bu gün isə cəmi iki il sonra biz həmin münasibətlərin daha yüksək, yəni əbədi dostluq üzərində qurulmasının şahidi oluruq”, – deyə o bildirib.

Deputat müqavilədə tərəflərin bir-birinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqla bağlı qarşılıqlı öhdəliklərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, bu müddəalar yalnız hüquqi öhdəlik deyil, həm də dövlətlərarası münasibətlərin siyasi və mənəvi prinsiplərini əks etdirir.

Səməd Seyidov bir-birinin daxili işlərinə qarışmamaq, suveren qərarlara hörmətlə yanaşmaq və qarşı tərəfin milli maraqlarına zidd fəaliyyətə yol verməmək prinsiplərinin əhəmiyyətini qeyd edib. O, Özbəkistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyinin təkcə bəyanatlarla məhdudlaşmadığını bildirib. Deputat buna nümunə olaraq Özbəkistanın 2023-cü ildə Füzuli şəhərində inşa etdirdiyi Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbi göstərib.

Çıxışında müqavilənin regional əhəmiyyətinə də toxunan deputat bildirib ki, Azərbaycan və Özbəkistan Türk dünyasının inteqrasiyasında, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat-logistika əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətlərdir.

O, iki ölkə arasında ticarət dövriyyəsinin artım dinamikasını diqqətə çatdırıb. Səməd Seyidovun təqdim etdiyi rəqəmlərə əsasən, 2024-cü ildə təxminən 252 milyon ABŞ dolları olan ticarət dövriyyəsi 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artıb.

Deputat 500 milyon ABŞ dolları həcmində Azərbaycan-Özbəkistan investisiya şirkətinin yaradılmasının da iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Onun sözlərinə görə, bu imkanlar 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfinə xidmət edir.

Səməd Seyidov oktyabrın 30-da Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının sammitinə də toxunub. O bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlərə görə təşəkkürünü bildirib.

Deputat parlamentlərarası əlaqələrin genişləndirilməsinin də müqavilədə xüsusi yer tutmasını əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, parlament rəhbərliyi və dostluq qrupları xalqlar arasında siyasi dialoqun dərinləşməsinə, ortaq təşəbbüslərin irəli sürülməsinə və strateji qərarların ictimai-siyasi dəstəyinin möhkəmləndirilməsinə töhfə verir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью