Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan futzal millisinin bu yaxınlarda Danimarka yığması ilə keçirdiyi yoldaşlıq oyunları ölkə futzalının vəziyyəti ilə bağlı çoxlu suallar doğurdu. Bu suallara, yəqin ki, komandanın baş məşqçisi – rusiyalı mütəxəssis Yevgeni Kukseviçdən daha yaxşı cavab verən olmaz.
İdman.Biz oxucuların diqqətinə "Araz-Naxçıvan" klubunun və Azərbaycan futzal millisinin baş məşqçisi ilə müsahibəni təqdim edir.
- Danimarka yığması ilə yoldaşlıq oyunlarının nəticələrini necə qiymətləndirirsiniz? Cəmi iki günlük fasilə ilə keçirilməsinə baxmayaraq, niyə bu qədər fərqli oyunlar alındı?
- Hesaba baxsaq, sizinlə razıyam: 1:4 və 4:2 tamamilə fərqli nəticələrdir. Amma nəzərə alsaq ki, ilk oyunda biz faktiki olaraq yenicə bir araya gəlmişdik və bu, milli komandada işlədiyim müddət ərzində ilk tam dörd günlük toplanışımız idi, üstəlik də müxtəlif oyun əlaqələrini sınaqdan keçirirdik, onda birinci oyunun nəticəsi aydın olur. Mənim xoşuma gəlməyən yeganə məqam qol imkanlarının reallaşdırılmaması oldu. Əgər rəsmi oyunlarda da epizodları bu cür boşa versək, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq.
İkinci oyunda isə uşaqlar artıq toparlandılar, qarşılıqlı anlaşma formalaşdı. Xüsusilə kapitanımız Rövşən Hüseynlini qeyd etmək istərdim. O, həm qapıçı kimi komandanı xilas edirdi, həm də kapitan olaraq irəli aparırdı və əsl liderlik keyfiyyətləri nümayiş etdirdi.
- Dediniz ki, bu, rəhbərlik etdiyiniz komandanın ilk tam toplanışı idi. Bəs İslam Oyunlarından əvvəl toplanış olmamışdı?
- Xeyr, orada nədənsə alınmadı - turnir başlamazdan əvvəl cəmi üç gün birlikdə olduq. Ola bilsin ki, planlaşdırılan nəticəni əldə edə bilməməyimizin səbəbi də elə bu idi.
- Bəlkə də problem toplanışlarda yox, keyfiyyətli futzalçıların çatışmazlığındadır? Axı bir çoxu minifutbola gedir, nəticə verən legionerlərdən isə faktiki olaraq imtina etdik.
- Və çox düzgün etdik! Mən hesab edirəm ki, milli yığma öz, yerli yetişdirilmiş kadrlardan ibarət olmalıdır. Bu nə Azərbaycan yığması idi ki, tərkibində demək olar yalnız braziliyalılar oynayırdı?! Öz kadrlarımızı yetişdirməliyik, ani uğura köklənməli deyilik. Legionerlər milli komandanı gücləndirmək üçün lazımdır, yerli futbolçuları tam əvəzləmək üçün yox.
- Amma yerli kadrlar minifutbola qaçırlar ki, orada çempion olsunlar.
- Bəli, bunu başa düşürəm. Elə alınıb ki, indi minifutbol bizim rəqibimizdir. Amma AFFA məktəblər təşkil etməlidir ki, futzalçılar yetişdirilsin. İnsanlara izah etmək lazımdır ki, futzal ayrıca idman növüdür və çox yaxın zamanda olimpiya idman növünə çevrilə bilər. Futzal həmişə eyni formatda – beşə-beş oynanılır, minifutbolda isə sırf həvəskar status var və çox fərqli formatlar mövcuddur. Məktəblər yaranmalıdır, rəqabətədavamlı futzalçı nəslinin yetişdirilməsi üçün lazım olan maliyyə ayrılmalıdır.
- Azərbaycanda işləmək üçün dəvət alanda, burada gördükləriniz gözləntilərinizi doğrultdumu?
- “Araz-Naxçıvan”a baş məşqçi təyin olunmaq üçün dəvət alanda bu klubun adı futzal aləmində artıq kifayət qədər tanınırdı. Klubda işin yaxşı təşkil olunduğu barədə çox eşitmişdim. Gəlib ötən ilin yanvarından komandaya rəhbərlik etməyə başlayanda gördüm ki, doğrudan da hər şey deyilən kimidir və insanlar ciddi şəkildə böyük uğurlara, Çempionlar Liqasında çıxışa kökləniblər. Yeganə məqam odur ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün komandaya yeni oyunçular cəlb etmək lazım gəldi.
Milli komandadakı işə gəldikdə isə, ötən ilin iyulunda rəhbərlik etdiyim yığmada da məqsəd aydındır – bu dəfə legionerlərsiz, öz gücümüzlə yeni uğurlar qazanmaq. Bu məqsəd də mənə çox uyğundur.
Məişət məsələlərinə gəlincə, mən çox da tələbkar deyiləm və mənə yaradılan şərait məni tam qane edir. Əlbəttə, insanların münasibəti də məni təəccübləndirdi – hətta ən nikbin gözləntilərimi belə üstələdi. Burada demək olar ki, hamı sənin yerli olmadığını biləndə nədəsə kömək etməyə çalışır. Qonaqpərvərlik səviyyəsi həddindən artıq yüksəkdir – Rusiyada da, digər ölkələrdə də belə münasibətə nadir hallarda rast gəlinir. Taksi qiymətləri də məni təəccübləndirdi – sizdə kifayət qədər münasibdir.
- Bəs sizə avtomobil ayrılmayıb?
- Ayrılıb, əlbəttə. Sadəcə, Bakıda sürücülük qaydalarının özünəməxsus, "xüsusi" olduğunu görəndən sonra onunla sürməyə risk etmirəm (gülür). Mən heç bir halda bu cür risk etmərəm.