Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin 2-ci gününün ilk seansının nəticələrinə əsasən yüksək balı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Kübra Hümbətova toplayıb.
Redaktor.az xəbər verir ki, 58 bal toplayaraq ən yüksək nəticəni əldə edən müəllim təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüb.
Kübra Hümbətova bildirib ki, 2019-cu ildən bu sahədə fəaliyyət göstərir. Müəllim olmamışdan əvvəl muzey və qalereyada çalışıb. Onun sözlərinə görə, bu təcrübə təsviri incəsənət müəllimi üçün çox dəyərlidir və peşəkar inkişafında mühüm rol oynayıb.
“İki dəfə MİQ imtahanında iştirak etmişəm və hər ikisində yüksək nəticə əldə etmişəm. Artıq 7 ildir müəllim kimi fəaliyyət göstərirəm. Uşaqlarla işləməkdən zövq alıram və bu, mənim işimə sevgimi daha da artırır”.
Müəllim qeyd edib ki, sertifikatlaşdırma imtahanında müxtəlif səviyyəli suallar yer almışdı:
“Nəticəni görəndə çox sevindim, amma bu mənim üçün sürpriz olmadı. Bu nəticəni gözləyirdim. Çünki daim öz üzərimdə çalışan biriyəm və bundan zövq alıram. Mənim üçün bu nəticə başlanğıcdır”.
O, imtahanda iştirak edən müəllimlərə də tövsiyələrini bölüşüb:
“Müəllimlər öz işlərinin peşəkarı olmaqdan çəkinməsinlər, daim öyrənsinlər. Həyəcan normaldır. Sadəcə ‘mən bilirəm’ demək əvəzinə, ‘daha nələri öyrənə bilərəm?’ düşüncəsi ilə oxusunlar. Gündəlik öyrənmək istədikləri mövzunu hərtərəfli araşdırıb mənimsəsələr, kitabda verilən mövzuları daha yaxşı qavraya bilərlər. Öyrəndiklərini praktik olaraq tətbiq etsələr, gündəlik dərs proqramında istifadə etsələr, düşünürəm ki, sertifikasiya onlar üçün daha maraqlı və asan olar”.
Kübra Hümbətova imtahan günü yaşadığı hissələri də bölüşüb:
“İmtahana bir az tez getmişdim. Başlayana qədər çox həyəcanlı idim. Amma imtahan başlayandan sonra vaxtın su kimi axıb keçdiyinin şahidi oldum. Hətta kağıza belə bir qeyd yazmışdım: ‘Boşuna sərf etdiyimiz zamanın nə qədər dəyərli olduğunu dəqiqələri sayanda hiss edirik. Ona görə də zamanı boşuna itirmək olmaz’”.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin artırılması məqsədi daşıyır.