Bu obyektlər cərimələnə bilər Açıqlama

13.08.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Kartdan-karta əməliyyatlara tətbiq olunan limitdən sonra bəzi obyektlərdə ödənişlərlə bağlı fərqli vəziyyətlər yaranıb. Bildirilir ki, bəzi satıcılar nə POS-terminal vasitəsilə ödəniş qəbul edir, nə də kartdan-karta ödənişə imkan yaradır və müştəridən yalnız nağd pul tələb olunur.
Obyektlərdə POS-terminalın müştəriyə təqdim edilməməsi və kartdan-karta ödənişin də qəbul olunmaması hansı hallarda qanun pozuntusu hesab edilə bilər?
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, ticarət obyektlərinin POS-terminalı olmalıdır:

“Xüsusilə ƏDV ödəyicisi olan sahibkarlıq subyektləri üçün POS-terminalın olması və nağdsız ödənişlərin qəbul edilməsi qanunvericiliyin tələblərindən irəli gəlir. Yəni belə obyektlər müştəriyə ödənişi yalnız nağd formada həyata keçirməyi təklif edə bilməz. Təbii ki, texniki səbəblərdən hər hansı bir anda POS-terminalın işləməməsi mümkündür. Məsələn, texniki nasazlıq, internet bağlantısında problem və ya digər səbəbdən terminal müəyyən müddət fəaliyyət göstərməyə bilər. Lakin bu hal daimi xarakter daşımamalıdır və sahibkar müştərinin nağdsız ödəniş etmək imkanını təmin etməlidir”.
Hüquqşünasın sözlərinə görə, əgər vətəndaş ticarət obyektində POS-terminalın qəsdən təqdim edilmədiyini və ya terminalın işləmədiyi bəhanəsi ilə kartla ödənişdən yayınıldığını düşünürsə, bu barədə Dövlət Vergi Xidmətinə məlumat verə bilər:
“Bunun üçün vergi orqanlarının qaynar xəttinə müraciət etmək və ya digər rəsmi kanallardan şikayət vermək mümkündür. Bu cür müraciətdən sonra vergi orqanı məsələni araşdıraraq POS-terminalın həqiqətən texniki səbəbdən işləmədiyini, yoxsa sahibkarın nağdsız ödəniş qəbul etməkdən qəsdən yayındığını müəyyənləşdirə bilər. Ona görə də vətəndaş belə hallarla qarşılaşdıqda məsələni diqqətdən kənarda qoymamalı və dərhal aidiyyəti quruma məlumat verməlidir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью