Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Moldova hökuməti 2005-ci il noyabrın 25-də MDB çərçivəsində imzalanmış “İnsan alveri, insan orqanları və toxumalarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişi denonsasiya edib.
Avtosfer.az xəbər verir ki, qərar hökumətin bugünkü iclasında qəbul olunub.
Layihəni təqdim edən daxili işlər naziri Daniela Misail-Nikitina bildirib ki, bu qərar Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiya kursuna sədaqəti ilə bağlıdır:
“Hazırda insan alverinə qarşı mübarizə daha aktual beynəlxalq mexanizmlərə, o cümlədən Avropa Şurasının Konvensiyasına, Avropa tərəfdaşları və “İnterpol”la əməkdaşlıq mexanizmlərinə əsaslanır. Buna görə də biz artıq mövcud reallıqları və mexanizmləri əks etdirməyən sazişdən imtina edirik”.
Qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.
Moldova artıq MDB-nin əsas sazişlərindən çıxıb, həmçinin digər razılaşmaların denonsasiyasına başlayıb. Ölkənin birlikdən çıxışı 2027-ci ilin aprelində baş tutacaq.