Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çin sənaye robotlarının quraşdırılması üzrə dünyada lider mövqeyini qoruyaraq qlobal robototexnika bazarındakı payını 59 faizə çatdırıb.
Banco.az xəbər verir ki, Frankfurtda yerləşən Beynəlxalq Robototexnika Federasiyasının (IFR) “World Robotics 2026” hesabatına görə, 2025-ci ildə Çində 354 min sənaye robotu quraşdırılıb. Bu, əvvəlki illə müqayisədə 20 faiz çoxdur.
Beləliklə, Çin dünya üzrə quraşdırılan sənaye robotlarının təxminən 59 faizinin payına sahib olub və ən böyük robototexnika bazarı statusunu digər ölkələrdən böyük fərqlə qoruyub.
Çində sənaye robotlarına tələbat əsasən elektrik və elektronika, avtomobil, metal və maşınqayırma sektorlarında cəmlənib.
Elektrik və elektronika sənayesində quraşdırılan sənaye robotlarının sayı illik 16 faiz artaraq 96 min 400-ə çatıb. Avtomobil sektorunda bu göstərici 38 faiz artaraq 78 min 900, metal və maşınqayırma sənayesində isə 44 faiz artaraq 78 min 700 olub.
Federasiyanın proqnozuna əsasən, Çinin sənaye robotları bazarı 2029-cu ilə qədər hər il orta hesabla 5-10 faiz böyüyə bilər.