Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İsveç hökuməti ibtidai və orta məktəblərdə mobil telefonların istifadəsinə qadağa qoymağı planlaşdırır.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmi açıqlama yayıb.
Məqsəd şagirdlərin dərs prosesinə daha yaxşı fokuslanmasını təmin etməkdir.
Yeni qaydalara əsasən, 9-cu sinfə qədər olan, yəni təxminən 15-16 yaşadək şagirdlər səhər məktəbə gələrkən mobil telefonlarını təhvil verəcək və dərs günü başa çatdıqdan sonra geri alacaqlar.
Hökumətin açıqlamasında bildirilir ki, İsveç şagirdləri sinifdə rəqəmsal vasitələrə görə OECD ölkələrinin orta göstəricisi ilə müqayisədə daha çox diqqətini itirir, dərsdən yayınır, konsentrasiyası pozulur. Bu səbəbdən də mobil telefonların bütün dərs günü ərzində qadağan edilməsi təklif olunur.
Hazırda İsveçdə ibtidai və orta məktəblərin təxminən 80 faizində direktorların qərarı ilə siniflərdə mobil telefonlara artıq qadağa tətbiq olunur. Lakin ölkənin təhsil naziri Simona Mohemsson bildirib ki, bu məsələdə bütün məktəbləri əhatə edən ümummilli qadağa zəruridir ki, bütün təhsil müəssisələri “telefonsuz zona”ya çevrilsin.
Nazirin sözlərinə görə, bu addım dərs prosesində diqqət dağınıqlığını azaldacaq və həm təhsilin keyfiyyətinə, həm də şagirdlərin psixi sağlamlığına müsbət təsir göstərəcək. O həmçinin qeyd edib ki, bu qərar ev şəraitində uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaqda çətinlik çəkən valideynlər üçün də ciddi dəstək olacaq.
Məlumatlara görə, İsveçdə orta məktəb şagirdləri gündə orta hesabla təxminən 7 saatını ekran qarşısında keçirir. Bu göstəriciyə məktəb saatları ərzindəki ekran vaxtı daxil deyil.
Qanun layihəsi parlament tərəfindən qəbul edilərsə, qadağa 2026-cı ilin avqust ayında, yeni payız tədris ilinin başlanğıcı ilə qüvvəyə minəcək və dərsdənkənar qayğı mərkəzlərinə də şamil olunacaq.