Bu ölkədə parlament seçkilərinin qalibi müəyyənləşmədi

08.11.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Yeni Zelandiyada keçirilən parlament seçkilərində heç bir siyasi blok qəti qələbə qazana bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, seçkilərin ilkin nəticələrinə əsasən, Baş nazir Kristofer Laksonun rəhbərlik etdiyi sağ-mərkəzçi koalisiya parlamentdə cüzi üstünlük əldə edib.

İlkin hesablamalara görə, hakim Milli Partiya 42, onun koalisiya tərəfdaşları ACT 13, “New Zealand First” isə 12 mandat qazanıb. Beləliklə, hakim koalisiya 131 yerlik parlamentdə 67 mandata sahib olub.

Əsas müxalifət qüvvəsi olan Leyboristlər Partiyası 36, Yaşıllar Partiyası 16, Maori Partiyası isə 5 mandat əldə edib.

Bununla belə, təxminən 400 min xüsusi səs hələ hesablanmayıb. Bu səslər arasında xaricdə yaşayan vətəndaşların verdiyi səslər də var.

Seçki Komissiyasının məlumatına görə, yekun nəticələr noyabrın 27-də açıqlanacaq.

Baş nazir Kristofer Lakson hakim koalisiyanın yenidən hökumət formalaşdırmaq imkanının olduğunu bildirib. Leyboristlər Partiyasının lideri Kris Hipkins isə yekun nəticələr açıqlanana qədər məğlubiyyəti qəbul etməyib.

Seçkilərin nəticəsindən asılı olaraq ölkədə yeni koalisiya danışıqlarının aparılması gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью