Bu ölkədə sürücülər tətil edir: Avtobuslar işləməyəcək

09.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandda regional ictimai nəqliyyat işçilərinin ümumxalq tətili səbəbindən oktyabrın 14-də ölkənin, demək olar ki, bütün ərazisində avtobusların fəaliyyəti dayandırılacaq.

“Cebheinfo.az” bu barədə RTL telekanalına istinadən məlumat yayıb. Tətilin əsasən avtobus sürücüləri və ofis işçiləri olmaqla, təxminən 13 min nəfəri əhatə edəcəyi gözlənilir. Aksiyada Arriva, EBS, Qbuzz, Keolis, Transdev və RET Streekvervoer şirkətlərinin əməkdaşları iştirak edəcəklər. Bununla belə, Amsterdam, Rotterdam və Haaqa şəhərlərində ictimai nəqliyyatın fəaliyyətini davam etdirəcəyi bildirilir.

Buna səbəb həmin şəhərlərdəki yerli daşıyıcıların fərqli kollektiv əmək müqaviləsi ilə işləməsidir. CNV Həmkarlar İttifaqının danışıqlar üzrə nümayəndəsi Nils Rok işəgötürənlərin mövqeyini şərh edərkən bildirib ki, kollektiv müqavilənin şərtlərinin pisləşdirilməsi ilə bağlı planlardan imtina edilməməsi etiraz aksiyalarına səbəb olub. 

Telekanalın məlumatına görə, tətil yeni kollektiv müqavilə ilə bağlı danışıqlarda yaranan fikir ayrılıqları ilə əlaqədardır. Həmkarlar ittifaqının iddiasına əsasən, işəgötürənlər xəstəlik məzuniyyətinə görə ödənişlərin azaldılmasını, ödənişsiz fasilələrin sayının artırılmasını və iş qrafikində dəyişikliklər barədə daha qısa müddətdə xəbərdarlıq edilməsini təklif edirlər. Bundan əlavə, işçilərin iş qrafiklərinin hazırlanmasında iştirak imkanlarının məhdudlaşdırılması da mübahisə doğuran məsələlərdəndir. 

Həmkarlar ittifaqları isə növbəti iki il ərzində əməkhaqlarının 9,5 faiz artırılmasını, daha çevik iş qrafiklərinin tətbiqini və yaşlı işçilərə dəstək tədbirlərinin görülməsini tələb edirlər. Tələblər arasında valideynlik məzuniyyətinin ilk doqquz həftəsi üçün əməkhaqqının tam ödənilməsi və işçilərin daimi əmək müqavilələrinə daha sürətli keçirilməsi də var. 

Əvvəlki kollektiv əmək müqaviləsinin müddəti iyulun 1-də başa çatıb. Həmkarlar İttifaqı nümayəndəsi bildirib ki, tətil gözlənilən nəticəni verməsə, hər həftə bir günlük etiraz aksiyaları keçirilə bilər. Aksiyaların vaxtı və forması barədə məlumatın isə başlamasına az qalmış açıqlanacağı qeyd olunub. 

Qeyd edək ki, son aylarda Niderlandda müxtəlif sahələrdə də tətillər keçirilib. Sentyabrın 4-də Rotterdam, Amsterdam və Vlissingen limanlarında işçilər təxminən səkkiz saatlıq iş dayandırması həyata keçiriblər. Sentyabrın 9-da isə ölkə üzrə keçirilən tətil nəticəsində ictimai nəqliyyat bütün gün fəaliyyət göstərməyib.

Etirazçılar hökumətin işsizlik və əlillik müavinətləri də daxil olmaqla, sosial təminat xərclərini azaltmaq planlarına qarşı çıxıblar. Avqust ayında təmizlik işçiləri Schiphol Hava Limanında və NS dəmir yolu operatorunda iki günlük tətil keçiriblər. Sentyabrın 14-dən 18-dək isə Amsterdam Hava Limanında, dəmir yolu stansiyalarında və universitetlərdə çalışan işçilər sənaye üzrə kollektiv əmək müqaviləsinin yenidən müzakirə olunması tələbi ilə işlərini dayandırıblar. 

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью